Müəllimlərə hinduşkabaş deyən direktor işə ÇIXMIR

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilir.
Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, bir neçə gün öncə paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyü iddiası ilə “Xəzər TV”yə müraciət ediblər. Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilirlər.