11 yaşlı məktəblimiz ABŞ-də olimpiadaya vəsiqə qazandı - FOTO

Salyan rayon sakini Aylin Babayeva ABŞ-nin Boston şəhərində riyaziyyat fənni üzrə olimpiadaya vəsiqə qazanıb.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, Aylin bundan əvvəl riyaziyyat fənni üzrə yerli və beynəlxalq olimpiadalarda uğurlara imza atıb.
O, rayonun Çuxanlı kəndində yaşayır, Salyan şəhər tam orta məktəbin 5-ci sinfində oxuyur.
“Dördüncü sinifdən yerli və beynəlxalq olimpiadalarda iştirak edirəm. Gümüş medallara layiq görülmüşəm. Sonralar mütəmadi olaraq yarışlara qatıldım”, - A.Babayeva bildirib.
Hazırda on bir yaşlı məktəbli 44 qızıl, 4 gümüş, 2 bürünc medala sahibdir. Bir neçə kuboka sahib çıxmaqla bərabər, 300-ə yaxın sertifikat və diplomla mükafatlandırılıb.
O, sonuncu dəfə ötən ilin dekabrın 27-də Bakıda keçirilən MathXCELvə CogATXCEL adlı beynəlxalq olimpiadaya qatılıb. 44 ölkə arasında keçirilən olimpiadada 96 mümkün baldan 89 bal toplayaraq gümüş medala layiq görülüb və okeanın o tayında finalda iştirak etmək hüququ qazanıb.
A.Babayeva ABŞ-dən sonra iyulda Sinqapurda keçiriləcək riyaziyyat fənni üzrə olimpiadaya hazırlaşır.




