Ev tapşırıqları ləğv ediləcək? - AÇIQLAMA

 18:01 14.03.2025     286

"Bu gün dünyanın bir çox ölkələrində ev tapşırıqlarının məhdudlaşdırılması prinsipi həyata keçirilir. Hər hansısa ölkədə kütləvi şəkildə, dövlət səviyyəsində ev tapşırıqlarının ləğv edilməsi məsələsi yalnışdır".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elmin Nuri Azərbaycanda şagirdlərə verilən ev tapşırıqlarının çətinliyi və bundan dolayı ev tapşırıqlarının ləğvinin mümkün olub-olmaması ilə bağlı məsələni şərh edərkən bildirdi.

Onun sözlərinə görə, kurikulumun yumşaldılmasının ilk şərtlərindən biri ev tapşırıqlarındakı çətinliyi aradan qaldırmaqdır:

"Adətən şahidi oluram ki, Finlandiya təhsilindən danışarkən deyirlər ki, Finlandiyada ev tapşırıqları bütün məktəblərdə ləğv olunub. Məsələ belə deyil. Məsələnin minimallaşdırılması ayrıdır, tam məhdudlaşdırılması ayrıdır. Almaniyada, Danimarkada, Finlandiyada xüsusi istisna məktəblər var ki, onlar artıq öz daxili qaydalarına görə ev tapşırıqlarını ləğv edirlər. Almaniyada 5 məktəb özünün daxili qaydasına görə, razılaşmaya əsasən ev tapşırıqlarını ləğv edib. Biz deyə bilmərik axı Almaniya məktəblərində ev tapşırıqları ləğv olunub. Almaniya məktəblərinin 5-də ləğv olunubsa, bunu bütün məktəblərə aid edə bilmərik. Ona görə bu yalnış tendensiyanı nəzərə çatdırmaq istəyirəm ki, bu, yalandır. Bu özü fakt deyil. Bütün dünyada - nəhəng təhsil ölkələrindən tutmuş, inkişaf etmiş təhsil ölkələrinə qədər - ev tapşırığı amilinin tam məhdudlaşdırılması mümkün deyilsə, deməli bunun özü vacib aqreqatdır. Biz bunu yadda saxlamalıyıq. Kəmiyyət etibarı ilə çox olduqda, akademik məzmun meyarı ilə çox yükləndikdə, anlaşılmazlıq səviyyəsində şagirdlərə təqdim edildikdə, həmçinin şagirdlərin inkişafına, onların şəxsiyyət kimi yetişmə parametrlərinə vaxt və enerji baxımından səbəb olduqda ev tapşırıqları zərərlidir".

Ekspert hesab edir ki, bir neçə fakt aradan qaldırılmalıdır.

"Bir neçə faktı aradan qaldırmaq olsa, dəyişiklik edilərsə, ev tapşırıqlarının verilməsində pis hal yoxdur. Amma ev tapşırığının missiyası bir mövzunun necə dərk olunmasını, orada şagirdlər arasında necə mənimsənilməsini üzə çıxartmaqdır. Bunu dəyişmək və ya istiqamətini tamamilə fərqli tərəfə yönəltmək olar. Məsələn, bu gün İsveçdə şagirdləri ev tapşırığı ilə yükləmək əvəzinə, şagirdlərdə kollektiv daxili komanda ruhunun inkişafı və layihə əsaslı tədris prinsipinə daha çox önəm verirlər. Ev tapşırıqları kütləvi şəkildə ona görə məhdudlaşdırılır ki, dünyanın bir çox ölkələrində kurikulumla bağlı siyasət yürüdülür. Kurikulumun yumşaldılması siyasəti aparılır. Kurikulumun yumşaldılmasının ilk şərtlərindən biri ev tapşırıqlarında format və məzmun ağırlığını aradan götürməkdir. Çünki kurikulumun ağır məzmun xətti çevik təhsil modullarının tətbiqinə mane olur. Şagirdlərdə özünü ifadə etməyin bəzi funksiyalarına mane olur. Onlarda azad ruhun, azad düşüncənin formalaşmasına çox ciddi şəkildə mane olur. Buna görə də ev tapşırıqlarının ləğvi, kurikulum strukturlarının yüngülləşdirilməsi kimi başa düşülməlidir", - deyə E.Nuri bildirdi.

Aytəkin TOFİQQIZI