"Süni intellektlər tədris prosesinin həyata keçirilməsini mümkün edəcək" - Ekspert

 20:49 17.03.2025     293

"Dövr yavaş-yavaş bizi süni intellekt proqramlarına tərəf aparır. Müəyyən istiqamətlərdə süni intellektin zaman keçdikcə aktiv olacağını təxmini düşünə bilirik. Bununla bağlı beynəlxalq proqramlaşdırma təşkilatları da xüsusilə süni intellektin üzərində dayandıqlarını, müəyyən dövr sonra süni intellektin dünyanın bütün istiqamətləri üzrə aktiv olacağını ifadə edirlər".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev süni intelektin təhsil sisteminə göstərə biləcəyi təsirlər mövzusundan danışarkən bildirdi.

Onun sözlərinə görə, yaxın gələcəkdə pedaqoji ixtisaslar üzrə də süni intellektdən istifadə oluna bilər.

"Hal-hazırda Türkiyədə robot müəllimin süni intellekt proqramı ilə hazırlanaraq sinifə girişi və sinifdə tədris prosesini həyata keçirməsi ilə bağlı video kadrlar artıq sosial mediada yayımlanıb. Hesab edirəm ki, təhsil sahəsində zamanla müəllimlərin pedaqoji fəaliyyətinin bir hissəsinin robotlarla əvəz olunması həyata keçirilə bilər. Xüsusilə onlayn tədris prosesində bu daha çox müvəffəq olunacaq. Distant təhsilin həyata keçirilməsində xüsusilə də süni intellektə uyğun hazırlanmış proqram vasitəsilə bunun da rahat olacağını ehtimal edirəm. İstər ali təhsil sahəsi, istər orta təhsil sahəsi olsun, artıq hibrid təhsil yavaş-yavaş ön plana çıxır. Hal-hazırda təhsil sistemimizdə hibrid təhsil olmasa da, yaxın gələcək üçün bu, qaçılmaz görünür. Çünki artıq dünya hibrid sistemə keçid alır. Biz də dünya ilə ayaqlaşacağımıza görə hibrid təhsilə keçid almalıyıq.

Müəllimləri əvəz edəcək robotların formalaşdırılması, süni intellekt proqramı ilə idarə olunaraq tədris prosesinin həyata keçirilməsi, robot müəllimin dərs keçməsi, sual-cavab etməsi, qiymətləndirmə aparması mümkündür. Yeni dərs şagirdlərə izah olunacaq. Yeni mövzunun izahı süni intellekt proqramına ən yüksək səviyyədə təqdim olunduğu üçün artıq zəif müəllim-güclü müəllim söhbəti olmayacaq. Süni intellektin tədrisi həyata keçirməsi standart bir müəllim obrazını formalaşdırmış olacaq. Nə qədər faydalı olacağı ayrı mövzudur".

Ekspert qeyd etdi ki, elə şagirdlər var ki, onların süni intellektdən faydalanmasında bir az problemlər yaşana bilər.

"Təbii ki, elə şagirdlər var ki, onlar süni intellekt proqramından faydalı istifadə edə bilərlər. Bu, müəllimi əvəz edə bilərmi sualı ortaya çıxır. Əlbəttə ki, bir robot müəllimin hissini, isti davranışını, sevgisini əvəz etmək mümkünsüzdür. Amma elmi tərəfdən tədris prosesini lazımi səviyyədə həyata keçirə bilər. Çünki standart bir proqram yüklənmiş olur. Şagirdin verdiyi suallar, süni intellekt tərəfindən rahatlıqla cavablandırıla bilər. Bu proqram proqramlaşdırma şirkətləri tərəfindən hazırlanır. Bəzi ixtisaslar, fənnlər üzrə, xüsusilə də xarici dil fənnləri üzrə bu daha aktualdır. Almanlar, ingilislər proqram hazırlanmasına maraqla yanaşırlar. Müəyyən fənnlər istiqamətində hazırlıq işləri davam edir. Riyaziyyat sahəsi üzrə də bundan istifadə olunmağa başlanıb. Keçid inkişaf etmiş ölkələrdə daha tez həyata keçirilə bilər. Bizdə bəlkə 15-20 il bu proses vaxt alacaq. Bunun üçün müvafiq alətlər lazımdır. Maddi, texniki baza lazımdır. Yaxın gələcək üçün bunun qaçılmaz olduğunu düşünürəm. Süni intellektlər tədris prosesinin həyata keçirilməsini mümkün edəcək", - deyə R.Nurəliyev bildirdi.

Aytəkin TOFİQQIZI