İngilis dilini bilmədən elmi araşdırma aparmaq mümkün deyil?

 11:41 19.03.2025     207

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "doktoranturaya qəbul zamanı xarici dil imtahanı niyə yalnız ingilis dilində aparılır" sualını cavablandırarkən bildirib ki, hazırda hansısa elmi nəticəni dünyaya çatdırmaq üçün elm xadimləri mütləq ingilis dilini bilməlidir.

Bəs doktoranturaya qəbul olmaq istəyənlər başqa bir beynəlxalq dildə imtahan verə bilməzmi? Yaxud xarici dil imtahanı olmadan doktoranturaya qəbul aparıla bilməzmi? İngilis dilini bilmədən elmi araşdırma aparmaq mümkün deyil?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, bu gün dünya əhalisinin 51 faizi ingilis dilində danışır.

"Bütün mənbələrin əksəriyyəti ingilis dilindədir. İngilis dili bilmədən elmi araşdırma aparmaq mümkün deyil. Bu baxımdan, ingilis dilinin bilinməsi tək bizdə yox, dünyanın bütün aparıcı və inkişaf etməkdə olan təhsil sistemlərində kadrların ingilis dilini bilməsi əsas şərtlərdən biri hesab olunur. Üstünlük verən şərtlərdən biri hesab olunur. Əsas şərt Azərbaycan Respublikasında Azərbaycan dilinin bilinməsidir".

Ekspert qeyd etdi ki, xarici dil bilmək, xüsusilə ingilis dilini bilmək üstünlüklər verir.

"Dediyimiz kimi, bütün araşdırmalar aparan mərkəzlər ingilis dilindədir. İngilis dilini bilmədən müstəqil şəkildə araşdırma aparmaq mümkün deyil. Bu baxımdan Məleykə xanımın fikri doğrudur. Doktoranturaya sənəd qəbulu zamanı IELTS səviyyəsinin olması, ingilis dilindən DİM-in keçirdiyi imtahanla yanaşı, ingilis dilində biliklərin olması da əsas şərtlərdən biri kimi qəbul olunmalıdır. Doğru çağırışdır. Düşünürəm ki, bu məsələ orta məktəbdə başlayıb, ali məktəbdə davam edəcək. Magistratura səviyyəsinə də əsas şərtlərdən biri kimi qoyulacaq. Dünyanın bütün elmi araşdırmalarının və reytinqli elmi jurnalların ingilis dilində olduğu üçün ingilis dili əsas şərtdir", - deyə E.Qafarov bildirdi.

Təhsil eksperti Elçin Əfəndi də bildirdi ki, hal-hazırda bütün resursların əksəriyyəti ingilis dilindədir:

"Bu fikrə hörmətlə yanaşıram və onu dəstəkləyirəm. Hal-hazırda ingilis dilindən geniş istifadə olunur. Eyni zamanda elmi tədqiqat işini apararkən ingilis dilinə daha çox ehtiyac yaranır. İnformasiya texnologiyalarının bu qədər inkişaf etdiyi və informasiya əsri olan dövrdə yaşadığımızı nəzərə alsaq, görərik ki, bütün texnologiyaların dili demək olar ki, ingilis dilindədir. Əlbəttə, hər hansı elm xadimi bu dili bilməlidir ki, onun tədqiqat işləri daha əhatəli olsun".

Müsahibimiz hesab edir ki, ingilis dili biliyinin olması vacibdir.

"Niyə məhz ingilis dili? Düzdür, başqa dillərdə də tədqiqat işləri aparmaq mümkündür, amma müasir dövrdə ingilis dilinə tələbat, ədəbiyyatların çoxluğu və ingilis dilində informasiyanın daha əlçatan olması bunu göstərir. Belə olduğu zaman elm xadiminin hansı sahə üzrə ixtisaslaşmasından asılı olmayaraq, onun aparacağı elmi tədqiqat işləri ingilis dili ədəbiyyatından istifadə etməklə daha uğurlu ola bilər. Təsadüfi deyil ki, DİM tərəfindən də doktoranturaya qəbul imtahanında ingilis dili üzrə imtahan götürülür. Müvafiq müsahibə şərtləri var və bu şərtləri ödəyən namizədlər doktorantura mərhələsinə qəbul olurlar. Məsələn, xarici ölkələrin alimləri, müəyyən tədqiqat işləri aparan şəxslər istinad edərkən, Azərbaycanlı alimlərin işlərinə müraciət edirlərsə, bu, özü də bizim üçün reytinq hesab olunur. Həmçinin, hansısa tədqiqat işi aparılır və işin beynəlxalq formada təqdimatı həyata keçirilirsə, əlbəttə ki, ingilis dilində təqdim olunması əlavə bir üstünlükdür. Bu kimi istiqamətlərdən baxdıqda, ingilis dilinin digər dillərlə müqayisədə önəmi daha çox görünür", - deyə E.Əfəndi vurğuladı.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

2