Mən müəlliməm

 10:12 25.03.2025     570

Taxta arxasında yox, insan qəlbinin içində iz buraxan bir peşənin sahibiyəm.

Mənim işim dərs keçmək deyil, insan yetişdirməkdir.

Mən gündə onlarla uşaqla danışarkən, təkcə fənn öyrətmirəm – həyat öyrədirəm.

Mən uşaqlara öldürməyi yox, yaşatmağı öyrədirəm.

Vurmaqdan yox, qucaqlamaqdan danışıram.

Söyməyi yox, danışmağı…

Qisas almağı yox, bağışlamağı təlqin edirəm.

Mən silah tutmuram, amma əlimdəki qələmlə gələcəyi yazıram.

Mən səngərdə yoxam, amma hər gün şiddətin, zorakılığın, sevgisizliyin ön cəbhəsində vuruşuram.

Mən qan tökməyi deyil, söz deməyi öyrədirəm.

Mən nifrəti yox, empatiyanı aşılayıram.

Mən heç vaxt “düşmən” kəlməsini dərsə daxil etmirəm. Çünki uşaq düşmən tanımamalıdır.

O, ilk olaraq insan olmağı öyrənməlidir.

Bəziləri vətənpərvərlik deyə bağırır, qəzəblə qışqırır, qisası aşılayır…

Amma mənim vətənpərvərliyim başqadır.

Mən vətəni söyməyən, oğurlamayan, döyməyən, sevməyi bacaran, içi işıqlı, ağlı ayıq bir övlad yetişdirməkdə görürəm.

Əgər bu ölkənin sabahı varsa, o sabah sinif otaqlarında cücərir.

Və o sabahı biz – müəllimlər sulayırıq.

Mən müəlliməm…

Nə qədər ağır olsa da, bu yükü sevə-sevə daşıyıram.

Çünki mən dərs keçmirəm – insanlıq öyrədirəm.

Kamran Əsədov,

təhsil eksperti