"6 günlük iş həftəsi və gündə 5 dərs modeli tətbiq olunmalıdır" - TƏKLİF

 18:19 28.03.2025     2143

"Əgər biz təhsildə real nəticə istəyiriksə, fənlərin sayı ilə yox, məzmun və keyfiyyətlə ölçülən sistem qurmalıyıq".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Onun fikrincə, ibtidai siniflərdə informatika fənninin nəzəri hissəsi Riyaziyyata, praktik hissəsi Texnologiyaya birləşdirilməlidir:

"Bu, dərs yükünü azaldar, bacarıqları daha məqsədyönlü formalaşdırar. V-IX siniflərdə musiqi və təsviri incəsənət yalnız ixtisaslı müəllim olduğu halda keçirilməlidir. Əgər mütəxəssis yoxdursa, formal tədrisə ehtiyac yoxdur.

X-XI siniflərdə fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və informatika dərsləri yalnız müvafiq şərait və ixtisaslı kadr olduğu halda qruplarla dərsdənkənar məşğələ formasında keçirilməlidir. Əks halda bu dərslər sadəcə “olmaq üçün olan” fənlərə çevrilir.

Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi və ümumi tarix, eyni zamanda Azərbaycan coğrafiyası fənləri sintez olunaraq daha məzmunlu şəkildə tədris edilməlidir".

K.Əsədov bildirib ki, təhsil sistemində ciddi struktur islahatına ehtiyac var: "6 günlük iş həftəsi və gündə 5 dərs modeli tətbiq olunmalı, dərs 50 dəqiqə, tənəffüs 10 dəqiqə müəyyən edilməlidir.

Yüklü və formal tədrislə yox, funksional və məzmunlu yanaşma ilə gələcək qurmaq olar. Dünyanın qabaqcıl ölkələri bunu edir, biz niyə etməyək?"

T.İSMAYIL