"Kurikulum sisteminə keçsək də, məzmunu həmin sistemə uyğunlaşdıra bilməmişik"

Təhsil ekspertləri bildirirlər ki, əgər biz təhsildə real nəticə istəyiriksə, fənlərin sayı ilə yox, məzmun və keyfiyyətlə ölçülən sistem qurmalıyıq.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, son zamanlar bu məsələ ilə bağlı fikirlər səsləndirilir. Onun sözlərinə görə, Azərbaycan təhsilində məzmun məsələsində problemlər var:
"Biz kurikulum sisteminə keçsək də, məzmunu həmin sistemə uyğunlaşdıra bilməmişik. Bu, xüsusilə ümumtəhsil məktəblərinə aiddir. Ali təhsil ilə bağlı da bu problem yaşanır. Eyni zamanda ali təhsil müəssisələrində Boloniya sisteminə keçmişik, amma Boloniya standartlarına da uyğunlaşa bilməmişik. Bir çox məsələlər natamamdır. Məsələlərin tamamlanması üçün müəyyən işlər görülməlidir. Təəssüflər olsun ki, hələ təşəbbüs yoxdur. Fənnlərlə bağlı Elm və Təhsil Nazirliyinin də bir açıqlaması olub".
Ekspert bildirdi ki, fənnlərin azalması, bəzi fənnlərin ümumiyyətlə onlayn tədrisi ilə bağlı fikirlər var.
"Amma hələ reallaşmır. Bu məsələ ilə bağlı ekspertlərə müəyyən qədər haqq vermək olar. 2008-ci ildən bu sistem qurulub, amma biz hələ məzmun dərsliklərimizi bu standartlara uyğunlaşdıra bilməmişik" - deyə M.Məmmədli vurğuladı.
Aytəkin TOFİQQIZI