"Bağça istiqamətində valideynlərimizdə bir travma formalaşıb" - Ekspert

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bağçalarda çalışanların hər biri diaqnostika və sertifikasiyaya cəlb olunacaqlar.
Bu prosesin bağçalarda təhsilin inkişafına hansı təsirləri olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, məktəbəqədər təhsil istiqaməti bizim üçün ən strateji təhsil pilləsi olaraq hesab olunur:
"Dünyanın əksər ölkələrində bu təhsil pilləsi ən vacib təhsil pilləsidir. Şagirdlər konkret olaraq ilkin bilik və bacarıqlara sahiblənməlidirlər ki, növbəti təhsil pillələrində təhsilə, elmə maraqlı olsunlar. Bu nöqteyi-nəzərdən əlbəttə ki, tərbiyəçi müəllimlərin bilik və bacarıqları mütləq yoxlanılmalıdır. Məktəbəqədər təhsil istiqaməti 3-4 il bundan əvvələ qədər yerli icra hakimiyyəti orqanlarının tabeliyində idi. Dövlət başçısının sərəncamı əsasında artıq həmin orqanlardan alınaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. İdarəetmə, müəllimlərin işə qəbulu, şagirdlərin qəbulu və sair artıq Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Həmin dövrə qədər isə bağça istiqamətində yerli icra hakimiyyəti strukturları ixtisas sahibi oldu-olmadı müəllimləri prosesə cəlb edirdilər. Demək olar ki, bağça istiqamətində valideynlərimizdə də bir travma formalaşıb. Övladlarını bağçalara yönləndirməkdə çətinlik çəkirlər, bilirlər ki, keyfiyyətsizlik var".
Ekspert bildirdi ki, bəzi hallarda bağçalarda müəllimlərin şiddəti ilə rastlaşmışıq.
"Təhsil haqqında qanunvericilikdə də qeyd olunur ki, məktəbəqədər təhsil istiqamətində tərbiyəçi müəllim funksiyasını yalnız ali və orta ixtisas təhsilli məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirmiş şəxslər icra edə bilər. Bu ixtisasdan kənar, başqa ixtisas sahibləri təbii ki, proses iştirakçısı ola bilməzlər. Hal-hazırda Elm və Təhsil Nazirliyi bu istiqamətdə fəaliyyət göstərən şəxsləri istər diaqnostika, istər sertifikasiya prosesinə cəlb etməklə həm qeyri-ixtisas sahiblərini prosesdən uzaqlaşdıracaq, həm də ixtisas sahiblərinin işə qəbulunu həyata keçirəcək. Düşünürəm ki, bu proses baş verdikdən sonra bağça istiqamətində övladlarına təhsil vermək istəyən valideynlərin sayı artacaq, şəffaf bir mühit formalaşacaq. Təsadüfi deyil ki, nazirliyin tabeliyinə keçdikdən sonra şagirdlərin elektron qəbulu aparılır, o cümlədən müəllimlərin işə qəbul imtahanı tam şəffaf qaydada həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, bu istiqamətdə qarşıya qoyulan məqsədlərə nail olunarsa, artıq tam obyektiv idarə olunan bağça təhsilini biz qarşıdakı illərdə görəcəyik" - deyə E.Əfəndiyev vurğuladı.
Aytəkin TOFİQQIZI