“Onların sertifikasiyaya cəlb olunması məntiqli görsənmir” - AÇIQLAMA

 17:46 07.04.2025     301

Bəzi təhsil ekspertləri bildirirlər ki, müəllimləri sertifikasiya edənlər özləri də imtahandan keçirilməlidir.

Belə bir prosesə ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, sertifikasiya müəllim peşəkarlığının yoxlanması prosesidir.

"Bu, qanunvericiliklə tənzimlənir, biz bunu bilirik. Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 saylı qərarı ilə dövlət ümumi təhsil məktəbində çalışan, pedaqoji fəaliyyətlə məşğul olanların sertifikatlaşdırılması prosesi tənzimlənir və 2022-ci ildən artıq bu proses başlayıb. Dövlət təhsil müəssisələrində çalışan təhsilverənlər isə 30 dekabr 2023-cü il tarixli Nazirlər Kabinetinin 488 nömrəli qərarı ilə tənzimlənir. Məsələ ondadır ki, bir çox hallarda müəllimlər bu fikri irəli sürürlər. Təbii ki, bu gün təhsili idarəetmə orqanlarında regional müdürlər, sektor müdürləri, müdür müavinləri, o cümlədən təyinatla olmayan digər vəzifələr üzrə işçilər var. Bunlar dövlət qulluğudur və onlar dövlət qulluğu imtahanından keçməlidirlər".

Ekspert qeyd etdi ki, Elm və Təhsil Nazirliyi dövlət qulluğuna ən az vakansiya çıxaran qurumdur.

"Nəinki peşəkarlığın yoxlanması, qanunvericiliyin tələbləri də gözlənilmir burada. Hansı addımı atmaq lazımdır? Burada təbii ki, ilk növbədə dövlət qulluğu olan bütün vəzifələrə imtahan yolu ilə qəbul edilməlidir. Həmin yerlərdə vakansiya çıxarılmalıdır. O ki qaldı onların sertifikasiyaya cəlb olunmasına, bu, məntiqli görsənmir. Onsuz da, dövlət qulluğu ilə bağlı uğur qazanmış şəxslər ayrı-ayrı sahələr üzrə müəyyən müddət keçdikdən sonra yenidən imtahana cəlb olunurlar, çünki dövlət qulluqçusu statusu almaq və ya sertifikat almağın müəyyən müddəti var. Mən arzu edərdim ki, Elm və Təhsil Nazirliyi dövlət qulluğu siyahısına düşən yerləri vaxtında vakansiyaya çıxarsın və hamı kimi həmin yerlər də müvafiq imtahan üzrə təyin olunsunlar", - deyə E.Qafarov bildirdi.

Aytəkin TOFİQQIZI