"Emin Əmrullayev bu addımı atarsa, tarixdə iz buraxan nazir olaraq yadda qalacaq"

"Hal-hazırda təhsilimizdə ən böyük problem kimi görünən vəziyyət yuxarı sinif şagirdlərinin ali məktəblərə qəbul istiqamətində ümumtəhsil məktəblərinin yetərsiz olmasıdır. Elm və təhsil naziri Emin Əmrullayev bu istiqamətdə müvafiq addım atarsa və lazımi proqram dəyişikliyi edərsə, həm tarixdə iz buraxan nazir olaraq yadda qalacaq, həm də ictimaiyyətin rəğbətini qazanacaq".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
O vurğulayb ki, bu gün valideynlərin ən çox yanıqlı yeri yuxarı sinifdən ali təhsil müəssisələrinə hazırlıq səviyyəsində xərclədiyi puldur:
"Nə qədər təhsildə inqilab etsəniz də, pulu çıxan valideyni məmnun edə bilməzsiniz. Buna görə də, Azərbaycan təhsilində ən böyük inqilab yuxarı sinifdən universitetlərə qəbul prosesini tənzimləmək və bu istiqamətdə müvafiq tədbirlər görmək olar. Düşünürəm ki, bu məsələ çox da asan deyil, amma mümkünsüz də deyil. İctimaiyyətin ən yaralı yerini müalicə etmədikcə təhsildə nə qədər innovativ tədbirlər görsəniz də, tənqid hədəfindən kənarda qala bilməzsiniz".
Nurəliyev qeyd edib ki, ödənişsiz təhsil sistemində bir valideynin universitetə hazırlıq istiqamətində ildə ortalama 5000 manat pulu çıxırsa, bu, valideyn üçün təhsil istiqamətində görülən digər tədbirlər əhəmiyyətsiz hesab olunur.
"Buna görə də, cənab nazirin təhsil istiqamətində atdığı gözəl addımlar ilə yanaşı bu istiqamətdə də ciddi bir addım atması mütləqdir", - ekspert bildirib.
Turan İSMAYIL