"O müəllimlər özlərini inkişaf etdirsinlər ki, gələcək sertifikasiyada acınacaqlı hal olmasın"

Xəbər verildiyi kimi, Bakı və Abşeron-Xızı regionları üzrə Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyada iştirak edən 1686 müəllimdən 492 nəfəri tutduğu vəzifəyə uyğun hesab edilməyib.
Bəs attestasiyadan keçməyən müəllimlərin aqibəti necə olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, attestasiyada 500-ə yaxın təhsilverən müsabiqədən keçməyib.
"Onların arasında 112 nəfər, digərləri ilə müqayisədə daha yaxşı nəticəsi olanlar növbəti imtahan prosesində iştirak etmək üçün təlimlərə qatılacaqlar. Onlar uğurlu olarsa, vəzifələrinə qayıdacaqlar. Amma qalan digər müəllimlər yenidən özlərini inkişaf etdirməklə, gələcək zamanlarda işə qəbul prosesi zamanı imtahanda iştirak edə bilərlər. Hal-hazırkı vəziyyətdə müsabiqə şərtini ödəməyiblərsə, onların əmək müqaviləsinə xitam verilib. Bu o deməkdir ki, onların hal-hazırda fəaliyyəti məhdudlaşdırılıb".
E.Əfəndi qeyd etdi ki, attestasiyanın keçirilməsi qərarı dekabr ayında verilib.
"Mövcud istiqamət üzrə 1200 nəfər sualları cavablandırıb, 500 nəfər cavablandıra bilməyibsə, ya bilik və bacarıqları o qədər də yüksək deyil, ya da imtahanlarda qeyri-obyektiv yanaşma olub. Amma mən bunu istisna edirəm. Sertifikasiya prosesi gələn il baş tutacaq. Vəziyyəti nəzərə alaraq müəllimlər özlərini inkişaf etdirsələr yaxşı olar ki, gələcək sertifikasiyada belə acınacaqlı hal formalaşmasın", - deyə təhsil eksperti bildirdi.
Aytəkin TOFİQQIZI