"Məktəb avtobuslarının xidmət haqqı ucuz qoyulsun" - TƏKLİF

 16:09 09.04.2025     594

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, "Məktəbli avtobusu" layihəsinin qarşıdan gələn tədris ilində həyata keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi paytaxt məktəblərinə gedən uşaqlar üçün yol-nəqliyyat sistemində sıxlığın qarşısını almaqdır.

Məktəbli avtobuslarının fəaliyyətə başlaması, Bakıda tıxacın azalmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat ekperti İlqar Hüseynli bildirdi ki, bundan dünya praktikasında geniş tətbiq olunur:

"Azərbaycanda özəl tədris mərkəzlərində, liseylərdə bu fəaliyyət həyata keçirilir. Məktəb avtobusları məktəblilərin daşınmasını həyata keçirir. Məsələn, 20 uşağın ayrı-ayrılıqda valideynləri öz şəxsi avtomobilləri ilə onları məktəbə aparır. 20 maşın və 1 avtobus. Əgər valideynlər eqoist düşüncələrini kənara qoysalar və öz övladlarını məktəb avtobuslarına etibar etsələr, bu, əlbəttə ki, tıxacın azalmasında müstəsna rol oynaya bilər".

Ekspert qeyd etdi ki, Bakı şəhərində məktəblərin sayı çoxdur.

"Çox yaxşı olar ki, məktəb avtobuslarının xidmət haqqı ucuz qoyulsun. Əgər dövlət qarşılasa, bu, dövlət məktəblərində daha yaxşı olar. Özəl məktəblərdə də büdcəyə uyğunlaşma olmalıdır. Bütün hər şey nəzərə alınmalıdır", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI