"Bütün müəssisələrin fəaliyyətini şübhə altına almaq düzgün deyil" - Deputat

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Elm Festivalı”nda çıxışı zamanı açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatların əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur.
Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, bu məsələ yalnız rəqəmləri səsləndirərək yox, ciddi bir təhlil əsasında müzakirə olunmalıdır.
"Bunun kökləri ciddi şəkildə araşdırılmalıdır. Biz deyə bilmərik ki, bu müəssisələrdən heç biri heç bir fəaliyyətlə məşğul deyil. Hesab edirəm ki, biz davamlı olaraq bu müəssisələrin işləməsi, fəaliyyəti və uğur qazanması üçün onlara dəstək olmalıyıq. Ola bilər ki, hansısa müəssisələrdə bu hal olsun, müəssisələrin birləşdirilməsi məsələsinə biz baxaq. Amma bütövlükdə bütün müəssisələri günahlandırmaq, onların fəaliyyətini şübhə altına almağı mən düzgün hesab etmirəm. Bizim yaxşı alimlərimiz, araşdırma aparan ziyalılarımız da var. Eyni zamanda fəaliyyəti düzgün qurmayan, bu fəaliyyətə töhfə verməyən müəssisələrimiz də mövcuddur", - deyə deputat vurğuladı.
Aytəkin TOFİQQIZI