"Standartlara cavab verən 100 məktəb tapsaq, sevindirici hal olar" - Elmin Nuri

 17:36 10.04.2025     1689

"Orta təhsil müəssisələrinin publik funksiyaya çevrilməsi o qədər də asan prosedur deyil. Nəzərə alaq ki, ölkədə 4532 məktəb var. İrili-xırdalı, natamam və tam formatlı məktəblərin sayı bu qədərdir. Təbii ki, burada nazirin sözlərinə əsaslanaraq deyə bilərik ki, bütün məktəblərin publik hüquqi şəxsə çevrilməsindən söhbət getmir, bu, aydın məsələdir".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elmin Nuri elm və təhsil naziri Emin Əmrullayevin orta məktəblərin publik şəxsə çevrilməsinin labüdlüyü barədə açıqlamasını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, ən yaxşı halda bu, pilot layihə olaraq həyata keçirilə bilər.

"Burada yalnız say-seçmə, müəyyən bir yaxşı səviyyədə strukturlaşdırılmış, maddi-texniki təminatı güclü olan, publik hüquqi şəxsin hüquqi və maddi-texniki tələblərinə cavab verən məktəblərdən söhbət gedir. Mən belə düşünürəm ki, bu, ən yaxşı haldır. Ölkə ərazisində, xüsusilə iri şəhərlərdə fəaliyyət göstərən məktəblər arasında publik hüquqi şəxs standartlarına cavab verən 100 məktəb tapsaq, həqiqətən də bu sevindirici hal olar.

Tutaq ki, biz 100 deməyək, 50 məktəbi publik hüquqi şəxs etdik. İnterneti açıb baxa bilərik ki, nədir publik hüquqi şəxs, onun vəzifələri nədir? Öhdəlikləri nədən ibarətdir? Maliyyə azadlığı prizmasından fəaliyyəti necə olmalıdır? Və məktəblər bu istiqamətdə hansı işləri görməlidir? Bununla bağlı fəaliyyət proqramı hazırlanırmı? Bu kimi detallar var. Bu, ilk dəfə deyil. Bir neçə dəfədir ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi haqqında danışılır. Bunun əsas səbəbi təhsildə maliyyələşdirmənin növləri vardır ki, onlardan biri də adambaşına maliyyələşmədir. Bu, əsasən publik hüquqi şəxs statusu olan yerlərdə olur".

Ekspert qeyd etdi ki, publik hüquqi şəxs yalnız büdcədən asılı olmayıb, özü də fəaliyyəti, yaşamı üçün azad maliyyə siyasəti yürüdə bilən şəxslərə deyilir.

"Adambaşına maliyyələşmə gəliri mexanizmi olanda da məktəblərdə bu prinsipi asanlıqla həyata keçirə bilirlər. Bu, ümumi mexanizmdir. Lakin bizdə bunu edə biləcəklərmi, yoxsa yox, açığı, bu mənə bir az qeyri-müəyyən görünür. Bunun üçün proqram lazımdır və hələ ki, biz o proqramla tanış deyilik.

Bu gün bir neçə təhsil müəssisəmiz publik hüquqi şəxsdir. Onlar publik hüquqi şəxs olandan sonra fəaliyyətində nələr dəyişib? Maliyyələşməyə keçəndən sonra iş prinsipləri necə dəyişib? Onların faydalı iş əmsalı həqiqətənmi inkişaf edib? Bu suallara cavab axtarmaq lazımdır. Şəxsən məndən soruşsanız, bizim ali təhsil müəssisələrinin arasında publik hüquqi şəxsə çevrilən ali tədris müəssisələrimiz arasında əvvəlki ilə sonrakı variantlar arasında o qədər də ciddi fərq yoxdur. Eyni universitetdir. Odur ki, mən məktəblərdə də hər hansı fərqin olacağını düşünmürəm", - deyə E.Nuri vurğuladı.

Aytəkin TOFİQQIZI