Bəzi ixtisasların tədris müddəti azaldıla bilər? - AÇIQLAMA

 18:46 10.04.2025     983

Son günlər cəmiyyətdə ali təhsil müddətinin qısaldılması ilə bağlı müzakirələr artıb. Bir sıra ekspertlər hesab edir ki, bəzi ixtisaslar üzrə 4 illik təhsil çoxdur. Onlar bir sıra ixtisaslarda 2-3 illik təhsili məqbul hesab edirlər.

Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri Redaktor.az saytına bildirdi ki, bu məsələ ilə bağlı son dövrlərdə aparılan müzakirələrin sayı nədənsə çoxalıb:

"Doğrusu, bunun səbəbini, reallıqla nə dərəcədə ayaqlaşa bilib-bilməyəcəyini dəqiqliklə deyə bilməyəcəyəm. Amma onu deyə bilərəm ki, belə məsələlərdə hələlik tələsmək olmaz. Çünki çağdaş dünyanın ali təhsili modeli və onun tələbləri ilə yerli ali təhsil müəssisələrinin fəaliyyət prinsipləri arasında kəskin fərqlər var. Bu səbəbdən də, "hazırda onlarda 3, yaxud 2 illik təhsil olduğu üçün biz də bu qaydaları tətbiq edək" prinsipi ilə yanaşsaq, çox böyük uğursuzluqla rastlaşmış olarıq. Düzü, praktiki cəhətdən buna gediləcəyinə inanmıram da. Bu gün universitetlərin daxili nizamnamələri, yerli qurumlar tərəfindən onlara şamil edilən nəzarət mexanizminə ciddi surətdə əməl olunur. Odur ki, kortəbii şəkildə hər hansı ixtisasın tədris müddətinin 2-3 ilə salınması indidən real deyil".

Onun sözlərinə görə, hətta bu prosesə başlanılsa da belə, əmin olun ki, yalnız bir əlin barmaqları sayı qədər belə buna gedəcək universitetimiz olmayacaq.

"Bunun bir səbəbi də proseslərin deyildiyi qədər də sadə olmamasıdır. Hər hansısa ixtisasın tədris müddətinin 4 yox, 3 il olması deyildiyi qədər də sadə mexanizm deyil. Əvvəlcə yüksək səviyyədə elmi-tədqiqat işləri, əmək baazarının tələblərinə uyğun hesablamalar aparılmalı, bir ixtisas üzrə kadr kimi formalaşma prosesinin müddətliliyi məntiqi baxımdan korrekt olmalıdır. Bu isə hər ixtisasla bağlı individual formada hazırlanmalı proqramlara söykənməlidir. Məsələn, biz durub deyə bilmərik ki, sabahdan Bakı Dövlət Universiteti, yaxud, Azərbaycan Texniki Universitetində tədris müddəti 4 yox, 3 il olmalıdır. Heç deyilməz də... Çünki tədris müddəti hər ixtisasın özünə uyğun hazırlanmalı, proqram buna görə tutulmalıdır. Məsələn, nümunə üçün BDU-nu deyiriksə, orada, Tətbiqi riyaziyyat fakültəsi ilə Jurnalistika fakültəsinin tədris müddətini eyni götürmək yanlışlıq olar. Onların məhsuldarlıq səviyyəsi hesablanmalı və ona görə qərar verilməlidir. Bu yerdə sual edilə bilər: "Bəs elə isə nə üçün həm BDU, həm də bütün universitetlərdə demək olar bütün ixtisasların tədris müddəti eyni - 4 ildir?! Məntiqli sualdır, amma cavabı da var. Bu, ona görədir ki, 4 il bir neçəsini çıxmaq şərtilə (məsələn tibb) yerdə qalan ixtisaslar üçün maksimal tədris müddətidir. Hamı üçün standart yanaşma məhz bu maksimallığa görə eyni götürülüb. Amma biz indi madam ki, müddəti azaltmaq, prosesləri mobilləşdirmək istəyiriksə, prosesi 4 ilin altında təşkil etmək istəyiriksə, o zaman doğru hesabalamara da getməliyik. Yalnız o zaman bu məsələ bizlər üçün faydalı ola bilər. Əks halda, ümumi fikir olaraq "təhsil 4 ildən, 3 yaxud, 2 ilə endirilsin" iddiaları absurddur", - deyə E.Nuri bildirdi.

Gülər HƏSƏNLİ