Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edildi - FOTO

 22:15 10.04.2025     481

Ölkə başçısının müvafiq Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Anar Eminov aprelin 10-da universitetin kollektivinə təqdim edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Rektoru kollektivə təqdim edən elm və təhsil nazirinin müavini İdris İsayev Anar Eminovun iş təcrübəsi və elmi fəaliyyəti barədə məlumat verib.

İdris İsayev "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası istiqamətində əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. Nazir müavini bildirib ki, bu gün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir və ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıran İdris İsayev bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Mingəçevir Dövlət Universitetinin yeni rektoru Anar Eminov ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.

Sonda nazir müavini İdris İsayev öz növbəsində əldə edilən məlumatlar əsasında Mingəçevirin təhsil nailiyyətlərindən danışıb və bildirib ki, əsas məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. İdris İsayev bir daha yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.

22