Bu ixtisas üzrə keçid balı arta bilər - Ekspertdən AÇIQLAMA

Martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bu il ali təhsil müəssisələrinə giriş ballarının yüksəlmə ehtimalı varmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, maksimal nəticə göstərənlərdən 7-si oğlan, 16-sı qızdır:
"Ümumilikdə imtahanda yüksək nəticə göstərən abituriyentlərin sayı ötən illə müqayisədə çoxluq təşkil edir. Bu isə onu deməyə əsas verir ki, bu il ali təhsil müəssisələrində, xüsusilə 5-ci ixtisas qrupu üzrə formalaşacaq keçid balları üzrə artım müşahidə oluna bilər. Həmçinin 11 illik bazadan kolleclərə qəbul zamanı ixtisasların keçid balında artım qeydə alına bilər. Çünki hər iki istiqamət üzrə qəbul yalnız buraxılış imtahanı əsasında aparılır".
Ekspert qeyd etdi ki, qarşıdakı həftə ərzində 9 mart tarixində keçirilmiş imtahan nəticələrinin də açıqlanması gözlənilir.
"Eyni zamanda 6 apreldə keçən il məzunları üçün qəbul imtahanı keçirilib. Onun isə nəticələri may ayının 11-ə qədər açıqlanacaq. Bütün buraxılış imtahan nəticələri digər dövrlərlə müqayisədə daha yaxşıdır. Əgər abituriyentlər blok imtahanlarında da buraxılışdakı kimi yüksək nəticələr əldə edərlərsə, plan yeri artımına baxmayaraq, təhsil ingilis dilində olan prestijli ixtisaslarda artım olacaq. Az tələbatlı ixtisasların balı enəcək. Əsasən 150 ballıq ixtisasların balında enmə müşahidə olunacaq", - deyə E.Əfəndi vurğuladı.
Aytəkin TOFİQQIZI