"9 mart imtahanında maksimal bal toplayanların sayı az olacaq" - Ramin Nurəliyev

 17:12 14.04.2025     1498

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Nəticələrin yüksək olmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, maksimal bal toplayanların 23 nəfər olması sevindirici haldır:

"İstər regionlardan, istərsə də Bakı şəhərindən olsun, abituriyentlər həqiqətən də ciddi bir formada ali təhsil müəssisələrinə hazırlaşırlar. Bu uğurun əsas göstəricisidir. Digər bir məsələ sualların çətinlik səviyyəsi ilə bağlıdır. Suallar çətin olduqda ballar avtomatik olaraq aşağı düşür, asan olduqda isə ballar yüksəlir. Bu da sualların çox da ciddi olmamasından xəbər verir.

Bu ili keçən illə müqayisə etsək, ilk imtahan nəticəsinə görə 41 abituriyent maksimal bal toplamışdı. Bu il isə maksimal bal toplayan abituriyentlərin sayı 23 nəfərdir".

Müsahibimizin sözlərinə görə, builki imtahan suallarında bir qədər çətinlik olub.

"Keçənilki buraxılış imtahanı ilə builki imtahan aşağı-yuxarı eyni idi. Bu səbəbdən abituriyentlərin əksəriyyəti yaxşı nəticə əldə ediblər. Hesab edirəm ki, 9 mart imtahanında maksimal bal toplayanların sayı az olacaq. Ehtimallarım məni heç vaxt aldatmır. 9 mart imtahanında çətin suallar daha çox idi. Bu isə nəticələrə müəyyən qədər təsir göstərəcək. 300 bal toplayanların sayı 2 mart imtahanındakından çox az olacaq. Bu, mənim ehtimallarımdır və ehtimallar üzərində dayanıram", - deyə R.Nurəliyev bildirdi.

Aytəkin TOFİQQIZI