Universitet müəllimləri də sertifikasiyaya cəlb olunacaq? - AÇIQLAMA

 18:27 14.04.2025     777

Ali təhsilni bitirən gənclərin müəllimlərin işə qəbulu (MİQ), dövlət qulluğu və s. bu kimi imtahanlardan zəif nəticə əldə etmələri, imtahanlarda nəticə əldə etmək üçün repetitor yanında hazırlaşmaları aktual mövzulardan biridir. Belə olduqda ali məktəblərdə tədrisin keyfiyyəti məsələsi ortaya çıxır. Yəni universitet müəllimləri tələbələrə necə dərs keçir ki, onlar məzun olduqdan sonra işə qəbul imtahanlarında aşağı nəticə göstərir və ya hazırlığa getməli olurlar?

Bütün bunlara görə ali təhsil müəssisələrində çalışan müəllimlərin də sertifikasiyaya cəlb olunmasının vacibliyi barədə fikirlər səslənir. 

Ali təhsil müəssisəsində çalışan müəllimlər sertifikasiyaya cəlb olunmalıdırmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, bu tip mövzuların müzakirə edilməsinin tərəfdarı deyil:

"Görürük ki, bu məsələ orta məktəblərdə müəyyən qədər problmlər yaradıb. Bu məsələdə tələsmək olmaz. Ali məktəblərdə sertifikasiyanın keçirilməsinin tərəfdarı deyiləm".

Müsahibimiz bildirdi ki, sertifikasiya fərqli məsələdir.

"Sertifikasiyanın tətbiqinin həm mənfi, həm müsbət tərəfləri var. Ali məktəblərə müəllimlər seçilərkən o prinsip əsasında seçilir və kadr təyinatı diqqətli baxıldıqdan sonra götürülür. Hesab edirəm ki, sertifikasiyaya ehtiyac yoxdur. Biz bu məsələdə tələsməməliyik. Belə məsələləri müzakirə edərkən diqqətli olmalıyıq", - deyə C.Məmmədov vurğuladı.

Təhsil eksperti Elçin Əfəndi isə bildirdi ki, ali təhsil müəssisələrində çalışan müəllim heyətinin sertifikasiyaya cəlb olunması məsələsi müzakirə olunur.

"Amma düşünmürəm ki, bu, tezliklə baş versin. Yəqin ki, bununla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi növbəti dövr ərzində qərar qəbul edə bilər. Müasir dövrdə təhsil sisteminin inkişafı və keyfiyyətli kadr hazırlığı ali təhsil müəssisələrinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırılması xüsusi əhəmiyyət daşıyır. Sertifikasiya prosesi müəllimlərin ixtisas hazırlığını, pedaqoji bacarıqlarını və müasir təlim metodologiyalarını mənimsəmə səviyyəsini ölçmək məqsədi daşıyır".

Ekspert qeyd etdi ki, bu proses nəticəsində müəllimlərin peşəkar inkişafına təkan verilir.

"Təhsilin keyfiyyəti yüksəlir və tələbələrə verilən biliklərin səviyyəsi artır. Ali təhsil müəssisələrində əməkhaqqı o qədər də yüksək deyil. Məhz belə bir sertifikasiyadan sonra uğurlu olan namizədlərin müvafiq olaraq maaşlarda artım etmək mənə görə məqsədə uyğundur", - deyə E.Əfəndi bildirdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

2