"Peşəkar sertifikatlar alan məzunlar özlərinə daha tez iş tapa bilirlər" - Təhsil eksperti

 17:09 15.04.2025     164

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara etdiyi dəyişikliy əsasən Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.

Redaktor.az-a açıqlamasında sözügedən qanunu dəyərləndirən təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri də bu məsələyə aydınlıq gətirib.

"Bu, yalnız Qarabağ regionunda yerləşən peşə məktəbləri üçün deyil, ümumilikdə son dövrlədə peşə məktəblərinə olan münasibət bir qədər dəyişib. Artıq bilirik ki, qısa müddətli kurslar keçib peşəkar sertifikatlar alan məzunlar var ki, özlərinə daha tez iş tapa bilirlər. Hesab edirəm ki, Qəbələ Texniki Peşə Məktəbi, Cəlilabadda yaranan, Bərdədə yaranan texniki peşə məktəblərinə diqqət bir qədər artıb".

Ekspert qeyd etdi ki, təşəbbüs artıq bir neçə məktəblərə də şamil olunub.

"Onlara müvafiq təqaüdlər təsis olunub. İndiyə qədər onlar üçün təqaüdlər yox idi. Təqaüdlər artıq baxılma mərhələsindədir. Milli Məclisdə bu məsələ ilə bağlı təşəbbüs var. Bu, peşə məktəblərinə də şamil olunacaq. Tələbələr üçün atılan hər bir uğurlu addımı təqdir edirəm",- deyə M.Məmmədli bildirdi.

Aytəkin TOFİQQIZI