36 məktəb direktoru işdən azad edilib - RƏSMİ

Ötən il 36 məktəb direktoru işdən azad edilib.
Bu barədə Redaktor.az-a MÜTDA-dan məlumat verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır.
Bildiririk ki, 2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4743 monitorinq keçirilib. Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli tömət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.
Qeyd edirik ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb
Bildiririk ki, cari həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək.