Ali məktəblərə qəbul BSQ-lərin nəticələrinə görə olsun - TƏKLİF

Heç kimə sirr deyil ki, Azərbaycanda orta məktəblərdə şagirdlərə verilən təhsil onların ali məktəblərə qəbulu üçün yetərli deyil. Elə bu səbəbdən demək olar ki, yuxarı sinifdə oxuyan hər bir məktəbli universitetə qəbul olmaq üçün repetitor yanında hazırlığa gedir.
Təhsil proqramlarında hansı dəyişikliklər edilməlidir ki, orta məktəblərdə keçilən dərslər şagirdlərin gələcəkdə ali məktəbə repetitor yanında hazırlaşmadan qəbuluna imkan versin?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, təhsildə çatışmamazlıq olduqda ortaya repetitorlar çıxır:
"Abituriyent 11-ci sinfi bitirir. Müəllimi ona 11-ci sinifdə 11-ci sinif dərslərini keçir. Abituriyent universitetə qəbul olmaq üçün imtahan verir. Dövlət İmtahan Mərkəzi (DİM) 5–11-ci sinif materiallarını imtahana salır. Abituriyent 11-ci sinifdə oxuduğuna görə texniki olaraq beyin əvvəlki məlumatları unudur. Bu zaman ortaya repetitor çıxır. Repetitorluğun yaranma səbəbləri var. Məktəbin verdiyi təhsil ilə şagird yetinə bilmir. Çünki sistemdə problem var. Proqram yeniliyi lazımdır. Düşünmürəm ki, valideyn ayda repetitora 300–400 manat pulu kefindən versin. Bu, məcburiyyətdir. Düşünürəm ki, keçirilən böyük summativ qiymətləndirmələri (BSQ) daha da ciddiyə almaq olar".
Ekspertin sözlərinə görə, BSQ-lər DİM tərəfindən keçirilsə, daha maraqlı olar.
"Şəxs 6-cı sinifdə kiçik summativ qiymətləndirmə (KSQ), BSQ verirsə, 11-ci sinifdə imtahanı yalnız 11-ci sinifdən versin. Əvvəlki qiymətlər toplansın və həmin nəticə ilə abituriyent ali məktəbə qəbul olsun. Bu məsələ dünyanın bir çox ölkəsində var və bu modeldən istifadə olunur. Hazırda Azərbaycan məktəblərində sistem, proqram dəyişikliyinə ehtiyac var. Bunlar olmazsa, nəticə əldə edə bilməyəcəyik. Bu gün məktəb yox, repetitorluq idealdır. Bu, təəssüf doğurur", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI