Şagirdlərin yüksək bal toplaması DİM-in fəaliyyətindəki dəyişikliklə bağlıdır - Vüsalə Ağabəyli

 13:17 22.04.2025     371

"2019–2023-cü illərdə 11 illik buraxılış imtahanlarından maksimal bal toplayanların sayının nisbətən az, 2024–2025-ci illərdə isə bu sayın kəskin artmasını bir neçə amillə əlaqələndirmək olar. Öncəki illərdə, xüsusilə də, Azərbaycan dili üzrə qiymətləndirmə meyarları həddindən artıq sərt və testlərin ağırlıq səviyyəsi isə normadan da artıq çətin olurdu".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli tam (11 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilmiş buraxılış imtahanının nəticələri ilə əvvəlki illərin nəticələrini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, çətinlik nəticəsində məktəbli xarici dildən 100 bal topladığı halda, öz ana dilindən, doğulandan istifadə etdiyi doğma dilindən çox aşağı bal toplayırdı.

"Bu nisbət ciddi problem göstəricisidir. Son illərdə Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə meyarlarında bəzi dəyişikliklər və ya nisbətən yüngülləşməyə getdiyini düşünmək olar. Bu da şagirdlərin daha yüksək nəticə göstərməsinə şərait yaradır. Bundan başqa, imtahan suallarının çətinlik səviyyəsi illər üzrə dəyişə bilər. 2024 və 2025-ci illərdə testlər əvvəlki illərlə müqayisədə nisbətən asan hesab edilir, bu da maksimal bal toplayanların sayının artmasının digər səbəbidir. Artıq birmənalı şəkildə qəbul etmişik ki, imtahan nəticələrinin göstəriciləri az faizlə məktəbin, çox faizlə isə repetitorlar və ya kursların payına düşür. 
Düzdür, 2020–2022-ci illər pandemiya dövrünə təsadüf etdiyindən, həmin dövrdə distant təhsilin keyfiyyəti və imtahanlara hazırlığın effektivliyi azalmış ola bilər. Post-pandemiya dövründə isə bu sahədə ciddi bərpa və inkişaf işləri də aparılıb, bu göstəricələrə təkan vermiş ola bilər".

Ekspert vurğuladı ki,  məktəb-ailə-repetitor üçlüyündə heç bir dəyişiklik yoxdur.

"Yəni repetitorlar həmin repetitorlar, ailələr həmin ailələr və məktəblər də elə həmin məktəblərdir, heç bir inqilabi yenilik və fərqlilik yoxdur, o deməkdir ki, bu nəticələrdə ortaya çıxan fərqlər məhz DİM-in fəaliyyətindəki dəyişikliklə bağlıdır.

Ümumiyyətlə, bu dəyişiklikləri müsbət hal kimi dəyərləndirmək lazımdır. Təhlillər göstərir ki, qəbul imtahanlarını hədsiz şəkildə ağırlaşdırmaq motivasiyanın azalmasına, abituriyentlərin başqa ölkələrə kütləvi şəkildə axın etməsinə şərait yaradır. Təbii ki, qəbul imtahanlarını sadələşdirməklə paralel olaraq, universitetlərdə tədrisin keyfiyyətinin artırılmasına da xüsusi önəm verilməlidir. Bundan başqa, Dövlət İmtahan Mərkəzinin illər üzrə statistik məlumatları şəffaf və geniş şəkildə ictimaiyyətə təqdim etməsini də mövcud problemlərin təhlili və həllinə yol açan müsbət hal kimi qiymətləndirə bilərik", - deyə V.Ağabəyli bildirdi.

Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilmiş buraxılış imtahanlarında 43 nəfər maksimum (300) bal toplayıb.

Aytəkin TOFİQQIZI