"DİM-in heç vaxt sabit kursu olmayıb, həmişə bunun bəlasını abituriyentlər çəkib" - AÇIQLAMA

 16:45 23.04.2025     531

Dövlət İmtahan Mərkəzi (DİM) blok imtahanı suallarını çətin salarsa, dövlətin plan yerləri dolmaya bilər. Bu fikri təhsil eksperti Ramin Nurəliyev səsləndirib.

Bəs digər ekspertlər bu barədə nə düşünür? Belə olduqda DİM vəziyyəti necə tənzimləməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danşan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Azərbaycanda 2025-ci tədris ili üçün qəbul yerlərində artım var.

"DİM bu məsələlər üçün baryer ola bilməz. Azərbaycan keçmiş SSRİ məkanında ali təhsilli insanların sayına görə ən geridə qalmış ölkələrdən sayılır. Hər 100 nəfərə 17 nəfər ali təhsilli, diplomlu şəxs düşür. Azərbaycanda qəbul planının artırılması ilə bağlı respublika səviyyəsində təşəbbüslər var. Artıq son iki ildə yüksək bal toplayanların artması buna nümunədir. 250-dən yuxarı bal toplayan şagirdlərimiz var".

Müsahibimizin sözlərinə gör, DİM dövlət siyasətinin əleyhinə getməmək üçün məcburdur ki, qaydalarda müəyyən yumşaltmalar etsin.

"Əvvəlcədən deyib, abituriyentləri arxayın etmək istəmirəm. Çünki DİM-in heç vaxt sabit və stabil kursu olmayıb. Həmişə bunun bəlasını abituriyentlər çəkiblər. Ümid edək ki, DİM nəhayət ki, dövlət siyasətinin əleyhinə getməyəcək və sualları yalnız tədris müddətində tərtib olunan dərslərə uyğun salacaq. Biz buna ancaq ümid edə bilərik. Proqnoz verənləri başa düşmürəm. Proqnoz vermək mənim üçün çətindir. DİM heç vaxt sabit kurs aparmayıb, mövqeyi bəlli olmayıb", - deyə M.Məmmədli bildirdi.

Aytəkin TOFİQQIZI