"Ali təhsilin əsas hissəsinin hələ də ödənişli olması sosial bərabərsizliyi dərinləşdirir" - Kamran Əsədov

 16:31 24.04.2025     214

"Azərbaycanda ali təhsilin kommersiyalaşması tendensiyası illərdir gündəmdədir və bu prosesin əsas səbəblərindən biri dövlət sifarişli yerlərin artmasına baxmayaraq, ödənişli əsaslarla təhsil alan tələbələrin çoxluğudur. Statistika göstərir ki, 2023/2024-cü tədris ilində ölkədə ali məktəblərə qəbul olunanların 63%-i ödənişli əsaslarla təhsil alıb, yalnız 37%-i dövlət sifarişi ilə təhsil almaq hüququ qazanıb".

Bu fikirləri Redaktor.az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov ali təhsilin kommersiyalaşması mövzusundan danışarkən bildirdi.

Onun sözlərinə görə, dövlət vəsaiti hesabına oxuyanların sayı son illər artsa da, bu artım daha çox əmək bazarında perspektivi məhdud olan və ya abituriyentlər arasında populyarlığı az olan ixtisaslara aid edilir:

"“Təhsil haqqında” Qanunun 20-ci maddəsinə görə, dövlət sifarişi dövlət ehtiyaclarına uyğun olaraq müəyyən edilir, lakin bu ehtiyaclar hər zaman real əmək bazarının və abituriyent maraqlarının tələblərini tam qarşılamır.

Ali təhsil müəssisələri, xüsusilə böyük şəhərlərdə yerləşən nüfuzlu universitetlər üçün ödənişli əsaslarla qəbul maliyyə sabitliyinin və inkişafın əsas mənbəyinə çevrilib. Universitetlərin büdcəsinin əhəmiyyətli hissəsi məhz ödənişli təhsildən formalaşır və bu amil, universitetləri ödənişli yerlərin sayını yüksək saxlamağa təşviq edir. Əlavə olaraq, dövlət sifarişi yerləri əsasən yüksək bal toplayan abituriyentlər üçün nəzərdə tutulur və real rəqabət şəraiti yaranır. Populyar ixtisaslar üzrə yüzlərlə abituriyent yüksək bal toplasa da, dövlət sifarişi yerlərinin sayı çox azdır və böyük əksəriyyət ödənişli təhsilə yönəlməyə məcbur qalır".

Ekspert qeyd etdi ki, dünya təcrübəsində, xüsusilə Skandinaviya ölkələrində və Almaniyada dövlət hesabına ali təhsil modeli tətbiq olunur:

"Almaniyada universitetlərin əksəriyyətində həm yerli, həm də xarici tələbələr üçün təhsil tamamilə pulsuzdur. Bu modelin əsas məqsədi sosial ədalətin və bərabər imkanların təmin olunmasıdır. Eyni zamanda, dövlət ali təhsili əmək bazarının tələblərinə uyğun planlaşdırır və bu yolla həm ali təhsilin keyfiyyəti, həm də məzunların işlə təminatı artır. ABŞ və Böyük Britaniyada isə ali təhsil əsasən ödənişlidir, burada da tələbələr təhsil kreditləri, qrant və təqaüdlərlə dəstəklənir. Bu modellər arasında əsas fərq dövlətin rolu və təhsil siyasətinin sosial-iqtisadi istiqamətidir.

Azərbaycanda hazırda dövlət sifarişi yerlərinin artırılması müsbət haldır, çünki bu, təhsildə müəyyən sosial ədalət balansı yaradır və bir sıra sosial təbəqələrin ali təhsilə çıxış imkanlarını genişləndirir. Lakin ali təhsilin əsas hissəsinin hələ də ödənişli olması sosial bərabərsizliyi dərinləşdirir, aztəminatlı ailələrin övladlarının ali təhsilə çıxış imkanlarını məhdudlaşdırır və uzunmüddətli perspektivdə kadr potensialının optimallaşdırılmasına mənfi təsir edir. Bəzi universitetlərdə təhsil haqları illik minimum əmək haqqının 10-12 qatına bərabərdir və bu, orta statistik ailə üçün ciddi maliyyə yükü yaradır".

Müsahibimizin sözlərinə görə, dövlət və ali təhsil müəssisələri arasında balanslı siyasətin formalaşdırılması, ən çox tələbat olan ixtisaslarda dövlət sifarişi yerlərinin artırılması, aztəminatlı və ucqar bölgələrdən olan tələbələr üçün əlavə dəstək proqramlarının tətbiqi, təqaüdlərin və sosial güzəştlərin genişləndirilməsi vacibdir.

"Bu istiqamətdə real dəyişikliklər aparılarsa, ali təhsilin kommersiyalaşma səviyyəsi azalacaq, sosial ədalət və bərabər imkanlar təmin olunacaq, əmək bazarında peşəkar kadr çatışmazlığı aradan qalxacaq.

Uzunmüddətli perspektivdə ali təhsilin kommersiyalaşmasının azalması üçün əsas diqqət dövlətin təhsil siyasətində sosial yönümlü yanaşmanın gücləndirilməsinə və təhsil xərclərinin ailələr üçün əlçatan olmasına yönəlməlidir. Bu, həm də ölkənin intellektual və iqtisadi potensialının artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Ali təhsilin hər kəs üçün əlçatan olması, ölkənin gələcək inkişafı üçün zəruri və ən prioritet məsələlərdən biri olmalıdır", - deyə K.Əsədov vurğuladı.

Aytəkin TOFİQQIZI