"Valideynlər özəl ali təhsil müəssisələrini seçməkdə sərbəst olsunlar" - AÇIQLAMA

Hal-hazırda abituriyentlər arasında əsas müzakirə mövzulardan biri dövlət və ya özəl ali təhsil müəssisəsində təhsil alma məsələsidir. Bəziləri heç məlumatı olmadığı halda yalnız dövlət universiteti istədiklərini qeyd edirlər.
Özəl və dövlət universitetləri hansı cəhətlərə görə bir-birlərindən fərqlənirlər?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, abituriyentlər və xüsusilə onların valideynləri özəl ali təhsil müəssisələrindən yan keçirlər:
"Əsasən dövlət ali təhsil müəssisələrinə üstünlük verirlər. Bu məsələdə valideynləri də birmənalı olaraq başa düşmək çətin deyil. Çünki vaxtında bəzi özəl təhsil müəssisələrinin etdikləri qeyri-qanuni davranışlar nəticəsində onların bağlanması valideynlərin özəl ali təhsil müəssisələrini seçməsinə mane olur. Nümunə olaraq Təfəkkür, Beynəlxalq universitetlərini göstərə bilərik. Özəl universitetləri seçməkdə bu səbəbdən bir qədər narahatlıq var. Amma mənə görə bu narahatlığa ehtiyac yoxdur. Çünki son illər ərzində bağlanan universitetlərin tələbələrinin “havada qaldığını” müşahidə etməmişik. Naxçıvan Özəl Universitetini nümunə göstərə bilərik. Burada təhsil alan tələbələr müvafiq ali təhsil müəssisələrinə yerləşdirildilər".
Ekspert qeyd etdi ki, valideynlər özəl ali təhsil müəssisələrini seçməkdə sərbəst olsunlar.
"Dövlət və özəl ali təhsil məktəbləri arasında demək olar ki, yeganə fərq status məsələsidir. Biri dövlət himayəsindədir, digəri isə özəl sahibkar himayəsində olan təhsil müəssisəsidir. Amma yekunda hər ikisinin lisenziyası var, Elm və Təhsil Nazirliyi tərəfindən tanınır, dövlət tərəfindən təsdiqlənir və hər ikisinin diplomu ölkə səviyyəsində, hətta bəziləri ölkədən kənarda da tanınır. Məsələn, Xəzər Universitetinin diplomu xaricdə də tanınır, dünya beynəlxalq reytinqində yer alır. Abituriyentin balı dövlət ali təhsil müəssisəsinə yox, özəl ali məktəbə uyğundursa, məhz həmin ixtisasa görə özəl təhsil müəssisələrini seçməlidirlər.
Son dövrlərdə dövlət büdcəsindən özəl təhsil müəssisələrində tələbələrin təhsil almaları üçün müvafiq olaraq dövlət sifarişli yerlər də ayrılır. Dövlət özəl universitetləri tanıdığına görə məhz bu yerləri ayırır. Bu da düşünürəm ki, valideynlər üçün həmin universitetləri seçməkdə problem yaratmamalıdır", - deyə Elçin Əfəndi bildirdi.
Aytəkin TOFİQQIZI