"Zehni və fiziki dincəlməyə zaman ayırın" - Psixoloqdan blok imtahanına hazırlaşanlara TÖVSİYƏ

 12:02 28.04.2025     154

Buraxılış imtahanı abituriyentlər üçün həm biliklərini yoxlamaq, həm də gələcək həyatlarına yön verəcək bir mərhələdir. Lakin bəzən gözləniləndən az bal toplayan şagirdlərdə özünə inamın sarsılması, gələcəklə bağlı ümidsizlik və utanc duyğusu müşahidə olunur. Əgər bu vəziyyətdə valideynlər tərəfindən əlavə psixoloji təzyiq, müqayisə və ittihamlarla yanaşma olarsa, abituriyentlər blok imtahanına hazırlıq prosesində motivasiyasını tamamilə itirə bilər.

Buraxılış imtahanında az bal yığan şagirdlərin psixoloji vəziyyəti və bəzən valideynlərin göstərdiyi psixoloji təzyiq onların blok imtahanına hazırlıq prosesinə mənfi təsir göstərir. Belə hallarda abituriyentlərin motivasiyasını qorumaq üçün hansı dəstək üsulları tövsiyə oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi ki, buraxılış imtahanında gözləniləndən az bal toplayan şagirdlərdə tez-tez özünə inamın sarsılması, gələcəklə bağlı ümidsizlik və utanc duyğusu müşahidə olunur:

"Əgər bu vəziyyətdə valideynlər tərəfindən əlavə psixoloji təzyiq, müqayisələr və ittihamlarla yanaşma olarsa, abituriyentlər blok imtahanına hazırlıq prosesində motivasiyasını tamamilə itirə bilər. Bəzi hallarda isə bu, depressiv əhvalın və ciddi psixoloji narahatlıqların yaranmasına gətirib çıxarır. Belə hallarda ilk növbədə, valideynlər uşağın duyğularını qəbul etməli, ona anlayış və dəstək göstərməlidirlər. Uşağın imtahanda zəif nəticə göstərməsi onun şəxsiyyətini və potensialını müəyyən etmir. Onun səmimi şəkildə eşidilməyə, anlaşılmağa və təşviq olunmağa ehtiyacı var".

Psixoloq qeyd etdi ki, motivasiyasını qorumaq üçün faydalı psixoloji dəstək üsulları var.

"Uşağın qarşıdakı imtahana dair yeni və reallaşdırıla biləcək plan qurmasına kömək etmək lazımdır. Günlük və ya həftəlik əldə edilən nailiyyətlərin qeyd olunması, uşağın özünü dəyərli hiss etməsinə şərait yaradır.
Onu digər şagirdlərlə müqayisə etmək əvəzinə, şəxsi inkişafına diqqət yetirmək, davamlı hazırlaşmaq yerinə, zehni və fiziki dincəlməyə də zaman ayırmaq vacibdir. Yorğun və stresli bir zehnin motivasiyası da aşağı olur. Əgər şagirdin əhvalı uzun müddət aşağı qalırsa, psixoloq dəstəyindən yararlanmaq tövsiyə olunur. Bu, həm motivasiyanın bərpası, həm də emosional yükün azaldılması üçün faydalıdır.

Unutmayaq ki, imtahanlar bir mərhələdir, həyatın bütöv mənzərəsi deyil. Əsas məsələ, gəncin öz potensialına inanması və dəstəkləndiyini hiss etməsidir",- deyə psixoloq Zeynəb Əyyubova bildirdi.

Xədicə BAXIŞLI