"Türk dövlətləri ilə Azərbaycan arasında təhsil proqramları olmalıdır" - Firudin Cəlilov

 15:07 28.04.2025     222

Azərbaycan təhsil sahəsində türk dövlətləri ilə sıx əməkdaşlığı ön planda tutaraq, bu əlaqələri inkişaf etdirib, həm regional, həm də beynəlxalq miqyasda təhsil keyfiyyətini yüksəltməyə çalışır. Bu əməkdaşlıqlar mədəniyyət və dil birliyinin gücləndirilməsi, elmi tədqiqatların təşviqi və tələbə mübadiləsi kimi sahələrdə böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə arasında tələbələrin rahatlıqla təhsil ala bilməsi üçün təhsil proqramları fəaliyyət göstərir.

Bəs digər Türk dövlətləri ilə Azərbaycan arasında təhsil proqramları yaradıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş təhsil naziri, professor Firudin Cəlilov bildirdi ki, belə bir təhsil proqramları olmalıdır:

"Son günlər Türk dövlətləri birliyi arasına pozucu virus atıblar. Amma bu keçici məsələdir. Əvvəl-axır bu birlik yaranacaq. Çünki həyat özü bunu tələb edir. Yalnız təhsil sahəsində yox, bütün sahələrdə inteqrasiya getməlidir. Əlifbadan başlamış ortaq təhsillərə qədər, iqtisadi məsələlərdən hərbi sənayeyə qədər, ortaq pul vahidindən ortaq parlamentə qədər müxtəlif sahələrdə yaxınlaşma və birləşmə olmalıdır. İnşallah olacaq".

Keçmiş nazirinin sözlərinə görə, təhsil məsələsi bir az çətin məsələdir.

"Çünki hər ölkənin özəl xüsusiyyətləri var. Məsələn, bizdə qəbul, buraxılış imtahanları testlə keçirilir. Amma digər ölkələrdə necədir, onu dəqiq bilmirəm. Amma hər halda təhsildə ən yaxşı yaxınlaşma əlifba birliyi, ortaq dərsliklərin olmasıdır. Bu da inşallah olacaq. Əlbəttə, mane olanlar çoxdur. Həm kənardan müdaxilə edirlər, həm də bizim və digər türk dövlətlərinin içərisində olan o "5-ci kolon" ki var, onların kökü kəsilmədikcə əngəllər, çətinliklər olacaq. Buna baxmayaraq, ümumi inkişaf yaxşıya doğru gedir. İnanıram ki, təhsildə də bu yaxınlaşma olacaq", - deyə Firudin Cəlilov vurğuladı.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

2