"Azərbaycanda Çin universitetinin yaradılması çox yaxşı olardı" - Misir Mərdanov

 16:35 28.04.2025     391

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Çinin Elm və Texnologiya Nazirliyi arasında imzalanan əməkdaşlıq protokolu gələcəkdə ortaq layihələrin və təşəbbüslərin həyata keçiriləcəyindən xəbər verir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş təhsil naziri Misir Mərdanovun fikrincə, Prezident İlham Əliyevlə vitse-prezident Mehriban xanım Əliyevanın Çin Xalq Respublikasına dövlət səfəri müstəqil Azərbaycanın tarixində ən vacib hadisələrdən biridir:

"Biz gördük ki, 10 milyon əhalisi olan müstəqil Azərbaycan dövlətinin başçısı, 1 milyard yarıma yaxın əhalisi olan Çin Xalq Respublikasında hansı səviyyədə qarşılandı. Doğrudan da, fəxr olunmalı bir hal idi. Azərbaycanda Çin universitetinin yaradılması, hesab edirəm ki, çox yaxşı olardı".

Müsahibimiz bildirdi ki, Azərbaycan universitetlərində Çin dilinin öyrənilməsnə çoxdan başlanılıb.

"Səhv etmirəmsə, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində artıq Çin dili şöbəsi var və neçə illərdir Çin dili öyrənilir. Çin, dünyanın hazırda ən böyük iqtisadiyyata malik olan dövlətləri sırasındadır. İnkişaf çox sürətlə gedir. Ona görə də bizim o ölkə ilə münasibətlərimiz nə qədər sıx və yaxşı olsa, dili nə qədər yaxşı bilsək, bizim ölkə üçün çox xeyirli olar", - deyə Misir Mərdanov vurğuladı.

Aytəkin TOFİQQIZI