"Təəssüflər olsun ki, universitetlərdə praktiki tədrisə çox da yer verilmir" - Ekspert

 17:00 28.04.2025     595

"Yuxarı sinifə gəlmiş abituriyentlər əsasən ali təhsil müəssiaələrinə hazırlıq istiqamətində kökləniblər. Dövlət İmtahan Mərkəzi (DİM) imtahanda hansı istiqamətdə sualları salırsa, abituriyentlər də o istiqamətdə DİM-in hazırladığı sualları cavablandırmağa çalışırlar".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev DİM-in imtahanlar üçün hazırladığı test sualları və ali təhsil müəssisələrində keçirilən imtahanların formatından danışarkən bildirdi.

"İmtahanda test üsulu, açıq suallar, yazılı suallar salınır. Yazılı suallarda araşdırma, düşünmə tələb edən suallar qismən var. Bunu çoxaltmaq olarmı? Düşünürəm ki, bunu çoxaltmağın xeyri yoxdur. Beynəlxalq təcrübəyə də baxsaq görərik ki, test üsulu qəbul olunan formadır. Bu məsələni şagirdlər istiqamətində deyil, tələbələt istiqamətində daha çox təkmilləşdirilməsini istəyərdim. Məsələn, tələbə universitetdə oxuduğu halda daha çox düşünməyi vadar edən proses həyata keçirilərsə, daha dolğun olar. Abituriyent qəbul imtahanlarını ali təhsil müəssisələrinə qəbul olmaq üçün vasitə kimi hesab edir. Ali təhail müəssisəsi tələbəni ixtisasi üzrə necə hazırlayırsa, tələbə də o istiqamətdə addımlamış olur".

Müsahibimizin sözlərinə görə, abitiriyentlərimiz bəzən seçim arasında qalırlar.

"Çalışırlar ki, daha yaxşı tədris prosesi olan təhsil müəssisələrini seçsinlər. Təəssüflər olsun ki, ümumilikdə ali təhsil müəssisələrində praktiki tədrisə çox da yer verilmir. İmtahan proessinə baxsaq görərəik ki, daha çox nəzəri biliklər tələb olunur. İmtahanlarda da düşünmə bacarığını ortaya qoyan suallar hazırlansa daha yaxşı olar. Nəzəri biliklərin daha çox üstünlük təşkil etməsi, sovet sistemindən qalan bəladır. Nəzəri bilikdən sonra praktiki bilik alan tələbə daha yaxşı ixtisaslaşmış olur. İstəyərdim ki, tələbələr bu formada ali təhsil müəssisələrində yararlansınlar", - deyə R.Nurəliyev vurğuladı.

Aytəkin TOFİQQIZI