"Sinfə daxil oluruq, şagirdin sual dolu baxışları qarşısında susuruq" - Tanınmış müəllim

 16:49 28.04.2025     463

"İllərdir eyni problemlə üzləşirik, eyni məsələni qaldırırıq, amma görünür həlli yolu müşküldür deyə eyni ampluada da davam edirik. Tədris proqramı bitməmiş imtahan vermiş şagirdlərin məktəbə olan marağı nə qədər olar sizcə? Onları məktəbə nə bağlayacaq? Formal qiymətləndirmə? Xeyr, gəlin, reallığı qəbul edək ki, bu qiymətləndirmələrin şagirdin qəbul proqramında əhəmiyyəti minimuma bərabərdir".

Bu barədə Redaktor.az-a açıqlamasında tanınmış müəllim Səbinə Əsədova bildirib.

"Buraxılış fənni müəllimi olaraq sinfə daxil oluruq, şagirdin sual dolu baxışları qarşısında susuruq. Şagird soruşur ki, müəllim, biz sizin fənndən imtahan verib ballarımızı almışıq, bizə nə öyrədəcəksiniz ki? Çox da ki, deyim dil bacarıqlarını gəlin inkişaf etdirək. Bu, hazırda onlar üçün cazib təklif deyil, çünki psixoloji olaraq yüklüdürlər və yay imtahanlarına fokuslanıblar", - deyə o qeyd edib.

S.Əsədovanın fikrincə, ümumiyyətlə tədrisə bu cür "ortadan" müdaxilə təhsili mart ayından sonra söndürür, davamiyyət və keyfiyyət faizini kəskin şəkildə aşağı salır:

"Bəs yaxşı, onda bu yanaşmanın müsbət tərəfi nədir biz tətbiqdən əl çəkə bilmirik, vaz keçə bilmirik?! İkincisi, mərhələli imtahan prosesi cəmiyyətin həyatına heç də müsbət təsir etmir. Həm şagirdlər, həm müəllimlər, həm də valideynlər növbəti tədris ii başlayana qədər stres içində qalırlar. Ölkə üzrə imtahanların zonalar üzrə bölgüsü də bir ayrı dərd. Bərabərhüquqlu imtahan sualları tərtib oluna bilmirsə, biz həyata yeni addım atan şagirdlərə hansı düzgünlüyünü aşılaya bilərik? Düşünürəm ki, təhsildə keyfiyyətə maraqlıyıqsa, problemlərin çözüm yollarını axtarıb onları aradan qaldırmağa səy göstərməliyik. Bunları bildiyimiz halda, addım atmağa meylli deyiliksə, biz məğlub olmuşuq..."

Turan İSMAYIL