"İranla əlaqələr texnologiyamızın, elmimizin inkişafına töhfə verə bilər" - Ekspert

 18:24 29.04.2025     183

İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda çıxışı zamanı bildirib ki, bizim universitetlərimiz bir-biri ilə əlaqədə ola, elm, mədəniyyət, texnologiya sahələrində təcrübələrini bölüşə bilərlər.

Universitetlər arasında əlaqələrin yaranması ali təhsilimizə hansı töhfə verə bilər?

Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, artıq Azərbaycanda bir neçə aparıcı ölkələrlə qarşılıqlı universitetlər yaranıb.

"Məsələn, Fransa-Azərbaycan, İtaliya-Azərbaycan, Türkiyə-Azərbaycan universitetlərini nümunə göstərə bilərik. Prezidentin Çin səfərində ilkin razılaşma belə oldu ki, Çin-Azərbaycan universiteti açılsın. Bu gün artıq gündəmdə İran ilə universitetlər arasında elm, mədəniyyət, texnologiya təcrübələrinin mübadiləsi təşəbbüsü var. Bu kimi hallar yaxşı hesab edilməlidir".

Ekspert qeyd etdi ki, elmi mübadilə, onlardakı inkişafın bizə, bizdəki inkişafın onlara tətbiqi, bu qarşılıqlı münasibətlər ancaq elmin inkişafına xidmət edə bilər.

"Bildiyim qədəri lə İrandan kütləvi şəkildə bizim Elmlər Akademiyasında yaradıcılıqla, tarixlə, ədəbiyyatla bağlı doktorluq müdafiəsi ilə əlaqəli müraciətlər var. Onlar üçün görünür ki, burada araşdırma daha əlverişlidir. Açıq etiraf etmək lazımdır ki, İranda informasiya texnologiyaları sahəsi bizdən bir az artıq inkişaf edib. Qarşılıqlı münasibətlər göstərir ki, dövlətlərin qarşılıqlı mübadiləsi olacaq. Burada ancaq təqdir etmək düşür. Əlaqələr xalqlarımızı yaxınlaşdıra bilər, texnologiyamızın, elmimizin inkişafına töhfə verə bilər", - deyə M.Məmmədli bildirdi.

Aytəkin TOFİQQIZI