"Tələbənin əgər IELTS nəticəsi varsa..." - Ekspertdən TƏKLİF

"Hazırda transfer qaydalarında bal məhdudiyyəti tətbiq edilir. Məsələn, hər hansısa bir abituriyent 400 bal toplayıbsa, həmin abituriyent həmin il keçid balı 450 bal olan ixtisasa transfer edə bilməz. Şərt belədir".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev tələbələrin ixtisas transferi məsələsindən danışarkən bildirdi.
"Bizdə tədris ingilis dilində olan ixtisasların keçidləri yüksəkdir. Kompüter mühəndisliyi ingilis dilində olduğu zaman, ana dilində keçirilən tədrisdən daha yüksək ballı olur. Tələbə ora transfer etmək istədiyi təqdirdə, nazirliyin tətbiq etdiyi bal qaydasına görə tələbənin transferi mümkün olmur. Keçid balından aşağı olan ixtisas, yuxarı olan ixtisasa transfer edə bilməz. Tələbə, məsələn, kompüter mühəndisliyində ana dilində tədris alırsa, tələbənin IELTS nəticəsi var və yaxud ingilis dili biliyi yaxşıdır, tədrisi ingilis dilinə keçmək istəyir, amma heç vaxt keçə bilməz. Amma təklifim bundan ibarətdir ki, tələbənin əgər IELTS nəticəsi varsa, tədris dili ingilis dilində oxumasına əngəl olmamalıdır. 6 IELTS nəticəsi varsa, həmin tələbə rahatlıqla ingilis dili tədrisinə keçib təhsilini davam etdirə bilməlidir. Çünki tələbənin ingilis dili səviyyəsi yaxşıdır. Buna o imkanlar verilməlidir. Çox təəssüflər olsun ki, bizdə o imkan verilmir. Verilməməsinə də səbəb keçid balının tətbiq olunmasıdır", - deyə ekspert bildirdi.
Aytəkin TOFİQQIZI