"DİM-in funksiyası dəyişdirilməlidir, 11 min nəfərin şikayət etməsi SOS siqnalıdır"

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan sonra nəticələrlə bağlı narazılıq yaranarsa, iştirakçılar üçün apellyasiya hüququ mövcuddur. Bu il 11-ci siniflərin buraxılış imtahanın nəticələri elan edildikdən sonra 10 min 981 nəfər apellyasiya müraciəti edib. Bu rəqəm isə DİM-də hər şeyin heç də qaydasında olmadığını göstərir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli hesab edir ki, DİM-in funksiyası dəyişdirilməlidir:
"Dəfələrlə səsləndirdiyim fikir var ki, onun üzərində bu gün yenə qalıram. DİM ya imtahanı keçirən qurum olmalıdır, ya da test bankı hazırlayan qurum olmalıdır. Eyni vaxtda həm testi hazırlayır, həm də imtahanı keçirə bilməz. Bu, artıq qeyri-obyektivlikdən xəbər verir. Artıq DİM-ə müraciətdə antirekord qeydə alınıb. 11 min nəfər məzun buraxılış imtahanları ilə bağlı DİM-ə apellyasiya şikayəti verib. Nəzərə alaq ki, hələ şikayətlərin qəbul olunanı bu qədərdir. DİM bunu özü rəsmi olaraq etiraf edir ki, bu qədər qeydə alınıb. Amma ümumilikdə geri qaytarılanlar kimlərdir? Məzmunla bağlı, keçirilmə qaydası ilə bağlı şikayətlər qəbul olunmur. O deməkdir ki, sənəd verənlərin 50-60 faizi bu sistemdən narazıdır. Əvvəlki fikrimdə qalıram, o təklifi ictimaiyyətin, cəmiyyətin, bu sahənin adamlarının dəstəkləməsini çox istəyərdim ki, DİM-in funksiyası dəyişdirilməlidir. Bu artıq bir SOS siqnalıdır".
Ekspert qeyd etdi ki, sualların qoyuluşunda narazılıqlar var.
"Biz hələ şikayət edənlərin hansı istiqamətdə müraciət etdiklərini bilmirik. Sadəcə statistikanı bilirik və bu statistika çox dəhşətli bir statistikadır. DİM gecikmədən növbəti il üçün özünün həm işinə, həm nizamnaməsinə ciddi dəyişiklik etməlidir.
Apellyasiyaya müraciət edən şəxslərin demək olar ki, çox cüzi hissəsində nəticə olur", - deyə Məzahir Məmmədli vurğuladı.
Aytəkin TOFİQQIZI