"1-ci sinfə qəbul zamanı müəllimi valideynin seçməsi qanunvericiliyə ziddir" - Təhsil eksperti

 17:16 06.05.2025     576

Son zamanların aktual mövzularından biri valdeynlərin övladlarına müəllim və məktəb seçərkən yalnışlığa yol vermələridir. Bəzi valdeynlər təklif edirlər ki, düzgün seçim edə bilməkləri üçün bəzi məlumatlar, məsələn, müəllimin işə qəbul zamanı nəticəsi, müəllimin iş təcrübəsi, sertifikasiya göstəricisi və s. məlumatlar əlçatan olmalıdır.

Bu məlumatların əlçatan olması valdeynlərin düzgün seçim etmələrinə böyük təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov dedi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, müəllimi valideyn seçmir.

"Valideyn məktəbi seçə bilir. Məktəbin vəzifəsi dövlətin təhsil qanunvericiliyinə uyğun olaraq düzgün və keyfiyyətli təhsil verməkdir. Müəllimin yaxşısı, pisi olmur. Hər halda, məktəb sistemi elədir ki, həm müəllimlərin peşəkarlığı yoxlanılır, həm də işə qəbul sistemi var. Hansı sinifdə hansı fənni, hansı müəllim tədris edəcəksə, bunu məktəb müəyyən edir. Amma çox təəssüf olsun ki, 2015-ci ildən, xüsusilə 1-ci sinfə qəbul zamanı müəllimləri valideyn seçir. Bu da qanunvericiliyə ziddir. Qanunvericiliyin tələblərini nəzərə alsaq, valideyn ancaq məktəbi seçə bilir. Yerdə qalan bütün məsələlər artıq məktəbin vəzifəsidir".

Təhsil eksperti bildirdi ki, müəllimin peşəkarlıq səviyyəsinin göstərilməsi üçün hər bir məktəbin öz saytı var.

"Həmin saytda müəllimlər haqqında məlumatlar verilib, amma mən də onlarla razıyam ki, məktəb saytında müəllimlərin adı, soyadı, şəkli ilə yanaşı, onların peşəkarlığı ilə bağlı müəyyən məlumatlar yerləşdirilsin. Məsələn, sertifikasiya balı, müəllimin əldə etdiyi uğur və nailiyyətlər və s. Bunlar yerləşdirilsə, yaxşı olardı. Valideynə qanunvericilik imkan vermir ki, o, müəllimi seçə bilsin. Baxmayaraq ki, 10 ildir qanunvericiliyin tələbləri pozulmaqdadır. 1-ci sinifə qəbul zamanı müəllimi valideynin seçməsi doğru yanaşma deyil. Hər bir müəllim haqqında məktəb saytında məlumat verilsin, pedoqoji staj, sertifikasiya balı, əldə edilən müəyyən uğurlar və sair", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI