"DİM yanlış addımları ilə öz nüfuzuna zərər verməyə başlayıb"

 23:55 07.05.2025     923

Çox təəssüflər olsun ki, DİM bu qəbul ilində bir neçə yanlış addımlar ataraq öz nüfuzuna zərər verməyə başlayıb. Bu addımlar valideynlərin və abituriyentlərin ciddi narazılığına səbəb olub.

Deməli, qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdinə əvvəlki ilin məzunlarının qeydiyyatı məhdudlaşdırıldı. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olduğu üçün keçən ilin məzunu olan abituriyentlərin 2024-cü ildə verdiyi buraxılış imtahanı nəticəsi bu qəbul ilində də öz qüvvəsini qoruyur. Buna görə də keçən ilin məzunu olan abituriyentlərin bir qismi builki buraxılış imtahanında iştirak etmədən birbaşa blok imtahanında iştirak etmək niyyətində olublar. 20 fevral – 5 mart tarixlərində elektron ərizə verərək bu ilin qəbul prosesində iştrak edəcəyini bəyan edən keçən ilin məzunu olan abituriyentlər bu ilin buraxılış imtahanında iştrak etmədən keçən ilki buraxılış balı ilə müsabiqədə iştrak etmək istədikləri halda onların imtahanın iokinci mərhələsinin birinci cəhdinə qeydiyyatı məhdudlaşdırıldı. Səbəb olaraq da abituriyentin bu qəbul ilinin buraxılış imtahanında iştrak etmədiyi bildirildi. Bu açıq-aydın DİM-in həmin abituriyentlərə verdiyi hüququn heçə sayılması deməkdir. Keçən ilin buraxılış imtahanı nəticəsi qüvvədə olduğu təqdirdə abituriyent bu qəbul ilində buraxılış imtahanı vermədən də imtahanın ikinci mərhələsində iştrak edə bilməlidir və onun iştrakı qətiyyən məhdudlaşdırılmamalıdır. Buraxılış nəticəsi qüvvədə olan keçən ilin məzunu bu qəbul ilində ödənişli buraxılış imtahanında iştrak etmək məcbiuriyyətində deyil. Arzuladığı təqdirdə iştrak edə bilər, istəməsə keçən ilin buraxılış imtahanı nəticəsi ilə də müsabiqədə iştrak edə bilər. Bu abituriyentin ona verilən hüququdur. Çox təəssüflər olsun ki, bu qəbul ilinin buraxılış imtahanında iştrak etməyən abituriyentlər imtahanın ikinci mərhələsinə buraxılmadı. Həmin abituriyentlərdən DİM-ə gedərək ərizə yazmaları tələb olunduğu təqdirdə iştrakına icazə verildi. Ərizə yazanlar iştrak etdi, amma yazmayanlar və yaza bilməyənlər birinci cəhd imtahanında iştrak edə bilmədi. 

Digər bir məsələ də, apellyasiya müraciətlərinin tətbiqində yaşandı. DİM markerləri tərəfindən sualların səhv yoxlanıldığını iddia edən abituriyentlər öz hüquqlarından istifadə edərək apellyasiya müraciəti etdilər. Əvvəlki illərdən fərqli olaraq bu qəbul ilində apellyasiya müraciəti edən abituriyentin DİM tərəfindən fikirləri soruşulmadan birbaşa qərar verildi. Abituriyentin apellyasiya müraciətində iddia etdiyi səhv yoxlamalar birbaşa DİM-in qərarına verildi. Bu yanaşma konkret olaraq Apellyasiya anlayışına ziddir. Əgər bunun adını apellyasiya qoyuruqsa və DİM-in etdiyi səhvə görə abituriyentə bu hüquq verilirsə, mütləq əvvəlki illərdə olduğu kimi abituriyent ilə əlaqə saxlanılmalı səhvləri ona izah edilməlidir. Əvvəlki təcrübə onu göstərir ki, əvvəlki illərdə apellyasiya müraciət edənlərin bir qismində DİM-in düzgün yoxlamaması səbəbindən abituriyentlərin balı kəsilmişdi və bu proses abituriyentlər ilə apellyasiya müraciəti zamanı əlaqə qurularaq öz həllini tapmışdı. Bu qəbul ilində apellyasiya müraciətinin abituriyent ilə əlaqə qurulmaması ictimaiyyətdə xoş təəssürat yaratmamaqdadır. Bu yanaşma sadəcə DİM-in apelyasiya müraciətlərinə özbaşına qərar verməsi və müraciətin ləğvinin qarşı tərəf ilə müzakirə olunmadan edilməsi deməkdir. 

DİM tərəfindən digər özbaşına verilən qərar isə 1-ci qrupların imtahanın ikinci mərhələsi üzrə hər iki altqrupunda məhdudlaşdırılması ilə bağlıdır. Bildiyimiz kimi, Nazirlər Kabinetinin 2 may tarixli qərarında Ali təhsil müəsisələrinin tələbə qəbulu ilə bağlı dəyişikliyini DİM elan etdi və həmin dəyişikliyi yayımladı. Amma çox təəssüflər olsun ki, DİM 17 aprel-1 may tarixində imtahanın ikinci mərhələsinin birinci cəhdinin qeydiyyatını həyata keçirərkən bunu tətbiq etmişdi. Yəni, Nazirlər Kabinetinin qərarı çıxmadan öncə DİM bunu tətbiq etməməlidr. Çünki DİM ona verilən hüquqi səlahiyyətlər çərçivəsində xidmət göstərməlidir.

Sonuncu olaraq da, xüsusi qabiliyyət tələb edən ixtisasların keçid balının artırılması ilə əlaqədar oldu ki, bunu da imtahan nəticəsi elan edildikdən sonra tətbiq edilməsi bəzi aşağı nəticə göstərən abituriyentlər üçün heç də xoş olmadı. Bu kimi qərarların "Abituriyent-2" jurnalında qeyd edilmədən, buraxılış imtahanı nəticələri elan olunduqdan sonra verilməsi valideynlərdə və abituriyentlərdə narahatlığa səbəb olur. 
Tövsiyə olunur ki, DİM bəzi addımlar atarkən qəbul prosesi ilə bağlı təhsil mütəxəssislərinin rəyini də alsın. Çünki verilən bəzi qərarların ictimaiyyətdə müəyyən narahatlıq yaratdığı qaçılmazdır.

Ramin NURƏLİYEV,

təhsil eksperti