Nazirliyin müəllimlərə "TikTok"da video paylaşmaq çağırışına tanınmış müəllimdən REAKSİYA

"Elm və Təhsil Nazirliyinin "TikTok" platformasında başlatdığı yeni layihə müəllimlər tərəfindən birmənalı qarşılanmayıb. Əslində kim hansı sosial platformanın istifadəçidirsə, oranı münasib sayır, qalanlarını tənqid edir. Ad fərqliliyinə baxmadan bütün sosial medianın məqsədi və məramı birdir, məlumatları daha böyük kütləyə çatdırmaq və əlçatanlığı təmin etmək".
Bu barədə Redaktor.az-a açıqlamasında tanınmış müəllim Səbinə Əsədova bildirdi.
"Hansının "kotent"inin bizim təfəkkürə uyğun olub-olmaması da artıq yenə bizdən asılıdır. Necə ki, AzTV var, "Space" var, Xəzər TV və s. var, bu da eləcə. Sanki məlumat vitrinidir, hər kəs öz "mal"ını nümayiş etdirir və alıcısını gözləyir. Kimisi kartof alır, kimisi ət, kimi də şirniyyat... Yəni platformanın heç biri özbaşına deyil, onu platforma edən istifadəçiləridir. Bildiyiniz kimi, "TikTok" bütün təbəqələrin istifadə edə biləcəyi bir yerdir. Orada elmi, mənəvi elə paylaşımlar var ki, təsir gücü bəzən bir məktəbin edə bilmədiyini, bir psixoloqun bacarmadığını bacarır. Bundan başqa hamıya çox yaxşı məlumdur ki, 90 faiz şagirdin evində "TikTok" istifadə olunur. Nadir hallarda "Facebook", "Instagram" (daha çox qızlar) istifadə edirlər. Çünki "Tiktok" hazırda televiziya rolunu oynayır".
Müsahibimiz qeyd etdi ki, hamı "TikTok"un istifadəçi kütləsindən narazı olduğumuz barədə ağız dolusu danışır:
"Sanki, uşaqlarımıza çaydan istidir, toxunma deyirik, amma qaynar çaydanı uşağın ayağının altından götürmürük. Bəs bunu dəyişmək üçün fərdi olaraq nə edirik? Təhsil işçilərinin çəkdiyi əxlaqi - mənəvi, vətənpərvərlik videolarını qınayırıq ki, biz "publikaya işləmirik". Deyirik ki, biz dərsi məktəbdə keçirik. Əlbəttə, dərs məktəbdə keçilir. Amma öyrətmə hər yerdə olur. Buna sosial media da daxildir. Niyə hər şeyi xaricdən örnək ala bilərik, hansısa müsbət şeyi örnək götürə bilmərik? Xarici müəllimlərin yerləşdirdiiyi öyrədici videolara, təbliğat xarakterli türklərin dilindən tanıdığınız "kamu spotu" olan paylaşımlara niyə milyonlarla baxış olur, niyə milyonlarla bəyənmə olur? Onda bunu bəyənən insanların bizim qədər ağlı yoxdur? Biz yer üzünə təkmi gəlmişik? Onlar təhsil deyil, təhsilin bir qolu deyil? "TikTok"da təhsil necə olub bəs? Yoxsa biz təhsil məktəbdə olur deyəndə daha keyfiyyətli dərs vermiş oluruq məktəblərdə? İmkan verin, öyrənmə harada baş tutur, tutsun. Maarifləndirici təbliğat harada aşılanır, aşılansın. Amma pafos xətrinə, hər şeyi qınamayın".
Səbinə Əsədova hesab edir ki, indiyədək qınadığımız heç nə bizi irəli aparmayıb.
"İcazə verin, uşaqlar müəllim-şagird münasibətilərindəki əskikləri, artıqları görsünlər. Müqayisə etməyə seçimləri olsun, təhlil üçün müşahidə qabiliyyətləri formalaşsın. Onsuz da uşaqlarımızın hərəsinin əlinə bir telefon alıb verəndən sonra, onlar telefona, sosial şəbəkəyə meyilli olmasın demək gülünc alınır. İmkan verək, müsbət seqment artsın, nəinki hamımızın əxlaqsız deyib, "canlı"sına milyonlarla soydaşımızın baxdığı videolar baş alıb getsin.
Mən "TikTok" istifadəçisi olduğum üçün bunu demirəm. Orada hesab açanda da bəyan etmişdim. Təhsil adına, milli-mənəvi dəyərlərin təbliği adına öz payıma düşən addımı atırdım. Bəli, mən orada "dərs keçirəm" - həyat dərsi, vətənpərvərlik dərsi, adət-ənənə dərsi... İngilis dili dərsini isə sizin kimi məktəbdə keçirəm. Sosial şəbəkədə nə qədər ki, əxlaqsız, qeyri etik videolar təbliğ olunacaq, övladlarınız onu görüb, onu götürəcək. Ya onların yeridiyi yolları təmizləyin, ya da təmizləyənə badalaq vurmayın", - deyə o çağırış etdi.
Aytəkin TOFİQQIZI