Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün imtahan təşkil edildi - YENİLƏNİB

 14:03 11.05.2025     268

Dövlət İmtahan Mərkəzi qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib.

Mərkəzdən Redaktor.az-a bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 152 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, müxtəlif istiqamətlər üzrə ümumilikdə 63 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.

İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var. 

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 12 – 13 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

 

09:20

***

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı təşkil edəcək.

Mərkəzdən Redaktor.az-a bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək.

Bu imtahanda 157 nəfərin iştirakı gözlənilir.

İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 9 nəzarətçi, 3 buraxılışı rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq. İmtahan 1 saat davam edəcək.

Namizədlər imtahana gələrkən kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.

İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda maksimum 60 bal toplamaq olar. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.