"Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram"

Məktəblərdə "Son zəng" artıq yaxınlaşır. "Son zəng" isə yaxınlaşması ilə yenə də özü ilə problemlər gətirir. Ən əsas problem isə "Son zəng" zamanı şagirdlərdən məktəb rəhbərliyi tərəfindən yığılan pul problemidir. Eyni zamanda tədbir zamanı bayağı musiqilər səslənir, rəqslər, qız məzunların yarıçılpaq geyimləri müzakirələrə səbəb olur...
Mövzu barədə təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, "Son zəng"lə bağlı problemlər hər il eyni vaxtda baş verir.
"Mart ayının sonunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi adından bir məlumat yayıldı ki, "Son zəng"lə bağlı ancaq milli musiqilər səslənsin, məktəbli geyimi olsun və s. Həqiqəti əks etdirsəydi, çox doğru qərar olacaqdı. Çox təəssüf olsun ki, bir neçə gündən sonra Agentlik elan etdi ki, belə bir təlimat verməmişik. Biz də sevinmişdik ki, bir dəfə düzgün təlimat verəcəklər. Nə qədər ki, məktəblərdə "Son zəng"in keçirilməsi ilə bağlı doğru-dürüst təminat verilməyəcək, bu problemlər olacaq. Bunun üçün Məktəbəqədər və Ümumi Təhsil Agentliyi məktəblərə təlimat göndərməlidir. "Son zəng" tədbiri saat neçədə başlamalıdır, tədbir zamanı şagirdlər məktəbli formasında olmalıdır, musiqi yalnız milli musiqilərdən seçilməlidir, rəqslər milli musiqilərə uyğun olmalıdır".
Ekspert bildirdi ki, tələbləri pozan direktorlar ciddi cəzalandırılmalıdır:
"Dekorasiya ancaq təbii və sadə olmalıdır. Hər məktəbin infrastrukturuna və gücünə görə müəyyənləşdirilməlidir. Xüsusi bər-bəzəklər qadağan olunmalıdır. Biz görürük ki, bu addımlar atılsa, məktəblərdə problem olmaz. Çox təəssüf olsun ki, biz məsələni məktəb direktorlarının ixtiyarına buraxırıq. Problem təkcə 207 nömrəli məktəbdə deyil, bütün məktəblərdə problem var. "Son zəng" günü istənilən şəhər məktəbinə yaxınlaşıb görmək olar ki, dekorasiya 1000 manatdan yuxarıdır. Hardandır? Təbii ki, pul uşaqlardan yığılıb. Xüsusi geyimlərin, bəzən yarıçılpaq geyimlərin olması, yaşa uyğun olmayan makiyajlardan istifadə edilməsi, müəllimlərə, direktorlara xüsusi hədiyyələrin alınması daha nələr, nələr".
E.Qafarovun sözlərinə görə, baş verənlər şəhər məktəblərinin əksəriyyətində var:
"Bir çox hallarda təşəbbüsü valideynlər və məktəb rəhbərləri qaldırır. Nəticədə bu biabırçılıqlar yaşanır. "Son zəng" “soyğunçu” bir günə çevrilir. Məsələn, bilirəm ki, elə adamlar var ki, "Son zəng" tədbirinə uşağı üçün xərclədiyi vəsaitin bir neçə ay borcunu vermək məcburiyyətində qalır. Bu nə dərəcədə doğrudur? Bu baxımdan bütün bunların çox sadə bir həll yolu var. Təhsilimizdə o qədər problem, biabırçı hallar var ki, bəzən oturub biz məktəbləri, müəllimləri qınayırıq. Məsələn, 207 nömrəli məktəbin direktorunun işdən azad olması nəyi həll etdi? Heç nəyi həll etmədi. Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram. Amma bizdə belə deyil. Bilərəkdən bu şərait yaradılır və bilərəkdən məktəblər, müəllimlər qınaq obyektinə çevrilir. Bu qədər çətindir ki, 10 cümləlik təlimat göndərəsən məktəblərə ki, "Son zəng" başlayandan bitənə qədər tədbir bu formada olacaq? Bununla da bütün problem həll olunacaq".
Müsahibimiz qeyd etdi ki, kənd məktəblərində bu problem yoxdur və ya minimum səviyyədədir.
"Ən böyük problem şəhər məktəblərindədir. Bu problemin kökü mütləq Elm və Təhsil Nazirliyidir. Bu gün mayın 13-üdür. Bu gün də təlimat vermək olar, hələ bir ay qalıb. Problemin həll olunmasını Elm və Təhsil Nazirliyi və ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi istəyirmi? İstəyirsə, məktəblərə 10 cümləlik təlimat göndərsin. Görünən odur ki, vəziyyətin belə olmasında maraqlı Elm və Təhsil Nazirliyidir, başda Emil Əmrullayev olmaqla. Məsələ odur ki, problemi həll etmək istəmirlər. Nəticədə cəmiyyətdə bu kimi neqativ hallar ortaya çıxır. Məktəb və müəllim mənfi mənada müzakirə olunur və nüfuz aşağı düşür. Cəmiyyətdə ciddi mənəvi boşluqlar yaranır", - deyə Elşən Qafarov vurğuladı.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus səs yazısı yayılmışdı. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edirdi.
Aytəkin TOFİQQIZI