Dünyada bu təhsil növü aradan qaldırılıb, Azərbaycanda isə hələ də davam edir - AÇIQLAMA

 18:52 13.05.2025     383

Son illərdə dünya üzrə ali təhsilin təşkili ilə bağlı mühüm yeniliklər baş verir. Qiyabi təhsil bir sıra ölkələrdə ya tamamilə ləğv edilib, ya da kəskin şəkildə məhdudlaşdırılıb.

Bəs Azərbaycanda qiyabi təhsil ləğv oluna bilərmi?

Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a bildirdi ki, artıq dünya təcrübəsində qiyabi təhsil anlayışı demək olar ki, yoxdur:

"Xüsusilə dünyanın aparıcı universitetlərində bu məsələ çoxdan aradan qaldırılıb. Bu gün Azərbaycanda və yaxın qonşu keçmiş post-sovet məkanında olan ölkələrdə qiyabi təhsil anlayışı hələ də qalmaqdadır və tədricən aradan çıxır. Azərbaycanda artıq bir neçə universitetdə qiyabi təhsil deyilən bir şey yoxdur. Sadəcə bir neçə universitet var ki, burada pedaqoji ixtisaslarda artıq qiyabi təhsil tətbiq olunmur. Texniki ixtisaslar üzrə isə bəzi universitetlərdə hələ ki, qiyabi təhsil mövcuddur".

Müsahibimizin sözlərinə görə, dünya təcrübəsində hazırda distant təhsil daha böyük yer tutur.

"Azərbaycanda da, bildiyim qədər Milli Məclis bu məsələni birinci oxunuşdan keçirib. Distant təhsilə keçid üçün müəyyən tədbirlər görülür. Əgər distant təhsilə keçid baş verərsə, artıq məhkəmə çəkişməsinə qədər uzanan distant təhsil diplomları tanınmağa başlayacaq. Bu, dünya səviyyəsində olan universitetlərə bəzi məzunlarımız üçün çıxış imkanları yaradacaq.

Azərbaycanda bir neçə universitet istisna olmaqla, artıq qiyabi təhsil yoxdur. Düşünürəm ki, növbəti illərdə bu, tamamilə aradan qaldırılacaq. Əgər Azərbaycanda distant təhsilin tətbiqinə başlanılsa, qiyabi təhsilə artıq ehtiyac qalmayacaq", - deyə təhsil eksperti bildirdi.

Aytəkin TOFİQQIZI