"Artıq təkcə dərsin yox, vicdanın da zəngini çalmaq vaxtıdır"

"“Amandır, müəllim olmayın…” – bu sözlər bir müəllimin dilindən çıxırsa, artıq təkcə dərsin yox, vicdanın da zəngini çalmaq vaxtıdır".
Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.
"O sinifdə, o parta arxasında oturan uşaqların bəzisi bir ömür müəllim olmağı arzulayır. Və o arzuların üstündən qara bir kölgə kimi keçir bu söz. Ən dəyərli peşəni seçməyə çalışan gəncin qəlbinə şübhə toxumu səpilir. Axı sən ay müəllim, bu xalqın gələcəyini yetişdirirsənsə niyə bu qədər ümidsizsən?
Əgər bu peşəni ağır görürsənsə əvəzində yüzlərlə gənc var ki, sevə-sevə bu yükü daşımağa hazırdır. Sadəcə yer ver onlara. Çünki bu millət müəllimsiz yaşaya bilməz. Bizim hər bir uğurumuzun kökündə bir müəllimin əli var", - deyə o əlavə edib.
K.Əsədov hesab edir ki, öz peşəsinə hörmət etməyən müəllim, nəinki cəmiyyətin, öz vicdanının da qarşısında cavabdehdir:
"Müəllim olmaq – maaşdan, şəraitdən əvvəl bir inam, bir eşq, bir şərəf işidir.
Unutma: müəllimə və müəllimliyə hörmətsizlik – gələcəyə hörmətsizlik deməkdir".
Turan İSMAYIL