"Bilik və bacarığı yüksək bakalavrlar magistrlardan daha yaxşı maaş ala bilirlər" - Ramin Nurəliyev

"Magistratura imtahanının 2-ci cəhdi ötən həftələrdə keçirilib. Nəticələr elan olunduqdan sonra ümumi statistika müəyyənləşəcək və bakalavrların magistratura ixtisasları üzrə ixtisas seçimi həyata keçiriləcək. Magistraturanın hansı üstünlükləri var? Beynəlxalq təcrübəyə baxdıqda, əlbəttə, magistr dərəcəsinin bakalavr dərəcəsindən bir üst pillədə olduğu müəyyəndir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev magistratura təhsilinin əhəmiyyətindən danışarkən bildirdi.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə magistrlara daha çox üstünlük verilir:
"Magistraturanı bitirənlərin bilik və bacarıqlarının daha yaxşı olduğu təyin edilir. Amma bizdə əmək fəaliyyətinə diqqət yetirdiyimiz təqdirdə, dövlət qulluğunda magistrə önəm verilir. Amma özəl sektorda hansısa bakalavr və magistr müqayisə olunduğu təqdirdə, bakalavrın bilik və bacarığı magistrdən üstündürsə, məsələn, İT sahəsində işəgötürən bakalavrın bilik səviyyəsini üstün görürsə, magistr dərəcəsinə diqqət etmədən bakalavr olan, bilik və bacarığı yetərli olanı əmək sahəsinə cəlb edir. Əmək haqqını müqayisə etdikdə bakalavr ilə magistr bitirənin maaşı arasında ciddi bir fərq yoxdur. Xüsusilə özəl sektorda elə də fərq yoxdur. Bilik və bacarığı yüksək bakalavrlar magistrlardan daha yaxşı maaş ala bilirlər".
Təhsil eksperti qeyd eydi ki, özəl sektorda magistr dərəcəsinin əhəmiyyəti yox kimidir.
"Magistr dərəcəsi daha çox ali təhsil müəssisələrində ixtisası üzrə işləmək istəyənlərin arzusudur. Hansısa şəxs ali təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərmək istəyirsə, əlbəttə ki, magistr dərəcəsi almalıdır. Doktorantura oxuyub, müdafiə etməlidir. Amma başqa üstünlük əmək bazarında yox kimidir. Oğlan bakalavrların bir qisminin hərbi xidmətdən müəyyən möhlət ala bilmək üçün magistraturaya qəbul olduqları daha aşkardır. Feysbuk səhifəmizdə sorğu vermişdik və magistr bitirənlər özləri bildirirdilər ki, fayda görməyiblər. Əgər hansısa bakalavr əmək fəaliyyətinə başlayacaqsa, magistr oxumağının heç bir faydası olmaya bilər. Gənclərimiz bu məsələyə xüsusi diqqət ayırmalıdır. Tələbə 2 il magistraturada oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb, daha çox staj yığa bilər. Magistr oxuyanların müəyyən bir plan üzrə hərəkət etməsini arzulayıram. Hazırda magistratura bitirən minlərlə gəncimiz var ki, əmək fəaliyyəti ilə məşğul olur və magistr onun üçün bir əhəmiyyət kəsb etmir".
R.Nurəliyev bildirdi ki, magistr imtahanında düşən sualların və ya fənlərin müqayisəsinə baxdıqda ciddi problemlər var.
"Məntiq, informatika, xarici dil imtahanı keçirilir. Hansısa humanitar ixtisas bitirən şəxs bu fənlərdən imtahan verməlidir. Bu böyük nöqsandır. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi magistratura qəbul imtahanı formatında dəyişiklik etməlidir. İmtahanda dəqiq fənn məzunları humanitar fənn məzunlarına nisbətdə daha yüksək nəticə əldə edir. Magistratura əlbəttə, faydalıdır. Bəzi gənclərimiz var ki, magistratura təhsili alıb və ya alır, amma nəticə görmür. Bunu istifadə etmirsənsə, 2 il vaxt niyə ayırırsan? Gənclərə səslənirəm, magistratura istiqaməti üzrə işinizi quracaqsınızsa, vaxtınızı və pulunuzu bu istiqamətdə xərcləyə bilərsiniz", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI