"Məktəblərdə rus və ingilis dillərində tədrisin keyfiyyəti ürəkaçan deyil" - Məzahir Məmmədli

 17:30 15.05.2025     420

"Azərbaycanda ingilis dilli pedaqoji kadr hazırlayan fakültələr Pedaqoji Universitetdə 1-2 ildir fəaliyyətə başlayıb. Bildiyim qədərilə hələ oradan məzun olan yoxdur".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli xarici dillərdə keçilən dərslərin keyfiyyətindən danışarkən bildirdi.

"Ümumtəhsil məktəblərində qeyri-dillərdə, yəni rus, ingilis və yaxud başqa dillərdə tədrisin keyfiyyətindən danışırıqsa, əlbəttə, bu, ürəkaçan vəziyyətdə deyil. Yalnız özəl və bahalı liseylər var ki, orada kifayət qədər yüksək istedada malik kadrlar mövcuddur".

Müsahibimiz qeyd etdi ki, ümumtəhsil məktəblərində, məsələn, rus bölməsi ilə bağlı kifayət qədər problemlər var.

"Bu problemlərin həlli üçün hələ görünür ki, zaman lazımdır. Çünki bizim ali təhsil müəssisələrinin pedaqoji kadrlar hazırlayan fakültələrində nə rus, nə də ingilis dili üzrə yüksək ixtisaslı kadrlar yetişdirilmir. Bu da maddi-texniki bazanın zəif olması ilə bağlıdır",- deyə M.Məmmədli bildirdi.

Aytəkin TOFİQQIZI