Xankəndidə ilk dəfə qəbul imtahanı KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzi həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.
Bu barədə Redaktor.az-a DİM-dən məlumat verilib.
İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq. İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məkətbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə 21 abituriyentin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Bu il qəbul imtahanları respublikamızın 24 şəhər və rayonunda təşkil olunacaq.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib. Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məkətb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib.