Paytaxt məktəblərində bu tarixlərdə monitorinq KEÇİRİLƏCƏK

 12:46 16.05.2025     176

Bakı şəhərində 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, mayın 18-də isə VI sinifləri üzrə monitorinq təşkil olunacaq.

Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.

Paytaxt üzrə monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın IV sinif şagirdi, 50 minə yaxın VI sinif şagirdi biliyini sınayacaq.

 IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı və 5 açıq sual, VI sinif şagirdlərinə tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunacaq. IV siniflərə sualların cavablandırılması üçün 150 dəqiqə, VI siniflərə sualların cavablandırılması üçün 180 dəqiqə vaxt veriləcək.

Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxuyub-anlama, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən isə insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, ətraf mühit və biz, qüvvə və hərəkət məzmun xətlərini əhatə edəcək.

Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Qeyd edək ki, cari ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə ümumilikdə 7 279 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.