"Bu müəllimlər üçün sualların cavablandırılması bir o qədər mümkün olmayacaq" - AÇIQLAMA

 17:00 16.05.2025     950

Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sertifikasiya imtahanları keçiriləcək. Həmçinin ötən il birinci mərhələdən uğurla keçə bilməyən müəllimlərə yenidən iştirak imkanı veriləcək.

İmtahanlardan gözləntilər nələrdir?

Təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, sertifikasiya ilə bağlı hansı fənlərdə və nə vaxt keçiriləcəyi ilə bağlı ümumi məlumat verilib.

"Gözləntimiz ondan ibarətdir ki, bu il ilk dəfə imtahan verən müəllimlər daha hazırlıqlıdırlar və nəticələr digər fənnlərə nisbətən bu il yaxşı gözlənilir. Çünki onların hazırlaşmaq üçün kifayət qədər zamanları olub.

Ötən illərdə sertifikasiya prosesində iştirak edib və müsabiqə şərtini ödəməyənlərin içərisində isə müəyyən qədər nəticə qazananlar olacaq. Sualların asan-çətinliyinə gəldikdə, suallar ixtisaslarla bağlı suallardır, müəllim sualları mütləq cavablandırmalıdır".

Elçin Əfəndinin sözlərinə görə, ixtisasla bağlı bilik və bacarıqları yüksək olmayan şəxslər üçün imtahanın çətin olma ehtimalı da var.

"Onlar üçün sualların cavablandırılması bir o qədər mümkün olmayacaq. Amma imtahan hər il olduğu kimi yenə eyni prinsip əsasında keçiriləcək. Suallar sadə, orta və çətin olmaqla sıralanacaq. Ümid edirəm ki, bu il ilk dəfə imtahan verənlər ötən il imtahan verənlərlə müqayisədə daha məhsuldar olacaqlar", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI