"Bu il keçid balları abituriyentlərin marağına uyğun olacaq" - Məzahir Məmmədli

 16:49 19.05.2025     1150

Bu il Qarabağ Universitetinə tibb ixtisası üzrə tələbə qəbul aparılacaq. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Tibb Universitetinin məzunu olanlar Azərbaycanda bu gün tibb sahəsi üzrə əmək bazarı tələbatını qismən də olsa ödəyə bilir.

"Bir qayda olaraq, ayrı-ayrı ixtisaslar var ki, bu ixtisaslar artıq maddi-texniki bazasına görə fərqli universitetlər tərəfindən standartlaşıb. Görürük ki, bizə artıq xaricdən həkim gəlmir. Amma Qarabağ Universitetində Tibb fakültəsinin nə qədər effekt verəcəyini zamanın ixtiyarına buraxaq. Məsələn, inanmıram ki, orada ilkin olaraq Azərbaycanda, Bakıda yerləşən Tibb Universitetinin bazasında olan laboratoriyalar, o standarta uyğun ixtisasları mənimsədə bilən müəllimlər olsun. Bir az hələ ki, çatışmazlıqlar olacaq. Bakı Dövlət Universitetində olan Hüquq fakültəsi digər bir neçə universitetdə də mövcuddur: Gömrük, İdarəçilik Akademiyası və bəzi özəl universitetlərin hüquq fakültələri var. Amma siz baxın, əmək bazarında daha çox kimə ehtiyac duyulur? Məhz Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirənlərə ehtiyac duyulur. Tibb sahəsində düşünürəm ki, bu vəziyyət davam edəcək".

Təhsil eksperti bununla belə hesab edir ki, Qarabağ Universitetində Tibb fakültəsinin açılması təqdirəlayiqdir.

"İxtisasların açılmasında hər halda fayda var. Qaldı ki, giriş balı məsələsinə, Azərbaycanda 2025–2026-cı tədris ili üçün tələbə qəbulunun 65 minə çatdırılması ilə bağlı sərəncam var. Ümid edirəm ki, bu il üçün keçid balları bir qədər abituriyentlərin marağına uyğun olacaq. Rəqəm faktiki olaraq deyə bilmirəm, amma dediyim kimi, abituriyentlərin maraqlarına uyğun olacaq", - deyə M.Məmmədli vurğuladı.

Aytəkin TOFİQQIZI