"İmtahan sistemi məktəbi sıradan çıxarıb, axı uşaq bir ildə neçə dəfə imtahan verə bilər?"

 10:00 21.05.2025     2703

"Ən ciddi məsələ odur ki, məktəb və ayda 500-700 manat alan müəllim bu gün “bunker” müəllimlərinin hazırladığı suallara cavab verə biləcək şagird hazırlaya bilmir. Nazir özü də deyir ki, repetitorluq sistemi yaranıb və məktəb də, müəllim də hörmətdən düşüb".

Redaktor.az xəbər verir ki, bunu keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov azpolitiko.az-a müsahibəsində deyib.

O, məktəb və müəllimin hörmətdən düşməsinin səbəbini imtahan sistemində gördüyünü bildirib.

"Bəli, əsas səbəb budur. İmtahan sistemi məktəbi sıradan çıxarıb, axı uşaq bir ildə neçə dəfə imtahan verə bilər? Açığını deyim ki, indi bizim təhsilimiz şəxsiyyət yönümlülükdən imtahan yönümlülüyə keçib. Bütün bunlar təhsil sisteminə, məktəbə və müəllimə olan inamı sarsıdır. Məktəb müəlliminin nüfuzu get-gedə aşağı düşür.

Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, təhsil sahəsində uğuru olan ölkələrin təcrübəsini ölkəmizdə tətbiq etməyə çalışırıq. Yaxşı xatırlayıram, ulu öndər Heydər Əliyev həmişə mənə tapşırırdı ki, təhsil sistemi elə bir sahədir ki, orada hər bir yenilik inqilabi yolla deyil, təkamül yolu ilə həyata keçirilməlidir. Heç bir ölkənin təhsil sistemini gətirib Azərbaycanda qurmaq olmaz, bizim özümüzə məxsus
ənənəmiz var. Mənim fikrimcə, təhsildə hər hansı müsbət təcrübəni tətbiq etməzdən əvvəl, məktəb və müəllimlərlə yanaşı bütövlükdə cəmiyyəti bu təcrübənin tətbiqinə hazırlamaq lazımdır", - deyə Misir Mərdanov vurğulayıb.