"Bu, həm şagirdlərin tədrisə marağını azaldır, həm də müəllim nüfuzuna xələl gətirir" - Kamran Əsədov

 16:33 21.05.2025     1366

"Keçmiş təhsil naziri Misir Mərdanovun pedaqoji kadrların peşəkarlığı ilə bağlı səsləndirdiyi narahatlıq və “bunker müəllimləri” ifadəsi əslində illərdir təhsil sistemində yığılıb qalmış, lakin heç vaxt köklü şəkildə həll olunmamış bir problemin müəllim hazırlığının keyfiyyətsizliyinin səssiz etirafıdır".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov keçmiş təhsil naziri Misir Mərdanovun müsahibə zamanı qeyd etdiyi fikirə müsanibət bildirərkən dedi.

"Bugünkü reallıq onu göstərir ki, ali pedaqoji təhsil alan şəxslərin nəzəri biliyi ilə məktəb mühitində tətbiq edə bildikləri praktiki bacarıq arasında ciddi uçurum var. Bu isə artıq yalnız fərdi məsuliyyət deyil, sistemin strukturu, idarəetməsi və keyfiyyətə nəzarət mexanizmlərinin çatışmazlığı ilə bağlı məsələdir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, təhsilverənlərin hazırlanması, təkmilləşdirilməsi və peşəkar inkişafı dövlətdən xüsusi diqqət tələb edən sahə kimi müəyyən edilir. Həmin maddədə qeyd olunur ki, təhsilverənlərin ixtisasartırma və yenidənhazırlanma proqramlarında iştirak etməsi mütəmadi və zəruri xarakter daşıyır. Lakin faktiki vəziyyət göstərir ki, bir çox pedaqoji kadr bu proseslərə ya formal yanaşır, ya da həmin təkmilləşmə real məktəb mühitinin problemlərini əhatə etmədən, süni şəkildə həyata keçirilir. Bu da o nəticəyə gətirib çıxarır ki, müəllimlərin bir hissəsi sinfə daxil olanda yalnız öz ixtisas sahəsində deyil, ümumilikdə pedaqoji metodika, kommunikasiya və sinif idarəetməsi üzrə də yetərli bacarığa malik olmur.

Misir Mərdanovun qeyd etdiyi kimi, bəzi müəllimlərin məktəbdə “uşağın səviyyəsinə uyğun olmayan” suallar verməsi sadəcə sual forması ilə bağlı məsələ deyil. Bu müəllimin şagirdin psixoloji inkişaf mərhələsini, kurikulum tələblərini, məzmun standartlarını və sinfə uyğun tədris metodikasını tam mənimsəməməsindən qaynaqlanır. Belə hallarda müəllim sadəcə əzbərlədiyi nəzəriyyəni tətbiq etməyə çalışır, lakin onu real pedaqoji kontekstə uyğunlaşdıra bilmir. Bu isə həm şagirdlərin tədrisə marağını azaldır, həm də müəllim nüfuzuna xələl gətirir".

Kamran Əsədov qeyd etdi ki, statistik göstəricilər də bu problemin miqyasını ortaya qoyur:

"2023-cü ildə keçirilən müəllimlərin sertifikasiya imtahanlarında iştirak edənlərin 30 faizindən çoxu 30 baldan aşağı nəticə göstərib. Xüsusilə riyaziyyat, informatika və Azərbaycan dili fənləri üzrə nəticələr ciddi narahatlıq doğurur. Bu isə göstərir ki, ali təhsil müəssisələrində pedaqoji kadr hazırlığı kifayət qədər səmərəli aparılmır. Təhsilin yalnız nəzəri hissəsinə yönəlik yanaşma müəllimlik peşəsinin praktiki, kommunikativ və yaradıcılıq əsaslı tərəfini kölgədə qoyur.

Dünya təcrübəsi göstərir ki, pedaqoji kadr hazırlığında ən vacib məqam nəzəri biliklə praktik bacarığın vəhdətidir. Məsələn, Finlandiyada müəllim olmaq istəyən şəxs yalnız yüksək akademik nəticələr deyil, eyni zamanda mürəkkəb müsahibələr, psixoloji qiymətləndirmə və praktik dərs mərhələlərindən keçir. ABŞ-də “clinical residency model” tətbiq edilir. Tələbə universitetdə oxumaqla yanaşı məktəbdə bir il ərzində mentor müəllimlə real dərslərdə iştirak edir. İngiltərədə isə “initial teacher training” sistemində təcrübə komponenti ümumi hazırlığın təxminən 50 faizini təşkil edir. Bu isə onu göstərir ki, müasir təhsil sistemləri artıq müəllimi “müəyyən proqramı bitirmiş şəxs” deyil, peşəkar praktik və fasilitator kimi yetişdirir.

Azərbaycan kontekstində isə bu model tətbiq olunmur. Universitetlərdə pedaqoji təcrübə formal xarakter daşıyır, tələbə “təcrübə sənədləri” ilə yola verilir, dərs modelləşdirilmir, rəy və geribildirim sistemi yoxdur. Məzun universiteti bitirdiyi gün sinfə daxil olsa belə, heç vaxt real mühitdə dərs aparmayıb, sinif dinamikasını yaşamayıb, şagird reaksiyası ilə üzləşməyib. Bu isə “bunker” – yəni real sinif mühitindən təcrid olunmuş müəllim obrazının necə formalaşdığını izah edir".

Müsahibimizin sözlərinə görə, son illər bu məsələ ilə bağlı müəyyən irəliləyişlər var.

"Sertifikasiya sistemi tətbiq olunub, müəllimlərin peşəkar inkişafı üçün portal üzərindən kurslar açılıb, Pedaqoji Universitetdə yeni müəllim hazırlığı proqramları nəzərdən keçirilməyə başlanılıb. Amma bütün bu tədbirlər sistemli yanaşmaya çevrilməzsə və yalnız “layihə” məntiqi ilə davam edərsə, nəticə verməyəcək.

Əgər bu sahədə köklü dəyişiklik baş verməsə, pedaqoji ixtisaslar cəmiyyətin gözündə həm dəyərini, həm də etibarını itirməyə davam edəcək. Bunun qarşısını almaq üçün pedaqoji fakültələrə qəbul meyarları ciddi şəkildə yüksəldilməli, təcrübə modulu gücləndirilməli, müəllimlik ixtisasına psixoloji səriştə və sosial ünsiyyət bacarığı olmayan şəxslərin daxil olması əngəllənməlidir. Eyni zamanda, müəllim hazırlığında məsuliyyət yalnız universitetin yox, həm də məktəbin və dövlətin üzərinə düşür. Universitetlər məktəblərlə əməkdaşlıq etməli, tədris planlarını real sinif təcrübəsi ilə inteqrasiya etməlidir.

Nəticə olaraq, müəllimlik peşəsi cəmiyyətin gələcəyini formalaşdırırsa, bu peşəyə hazırlıq da ölkənin ən strateji məsələlərindən biri sayılmalıdır. Əgər müəllim zəifdirsə, səbəb sistemdir. Bu sistem ya yenilənəcək, ya da gələcək nəsillərin formalaşması təsadüfi və zərərli şərtlərlə davam edəcək. Keyfiyyətli müəllim olmadan nə kurikulum, nə dərslik, nə də islahat işləyəcək. Ona görə də müəllimin peşəkarlığını təkcə imtahan nəticəsi ilə deyil, onu yetişdirən sistemin keyfiyyəti ilə ölçmək lazımdır", - deyə təhsil eksperti bildirdi.

Aytəkin TOFİQQIZI